Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən könüllülər arasında turnirin açılışı olub
Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında turnirin açılış mərasimi keçirilib.

Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan turnirin açılışında şahmatçının adını daşıyan Fondun prezidenti Anar Allahverdiyev çıxış edərək beynəlxalq qrossmeysterin qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Vüqar iyirmi yeddi illik qısa həyatı boyu çıxış etdiyi bütün yarışlarda peşəkar idmançıya xas mübarizlik, vətənə sevgi və ədalət prinsiplərini əsas tutub. Bu, onun idmançı olmaqla yanaşı, yüksək insani keyfiyyətlərindən xəbər verir.

“Bu gün Vüqar Həşimovun xatirəsi onu sevənlərin qəlbində yaşayır və yaşayacaq. O, hələ kiçik yaşlarından idmanın bu növünün incəliklərini öyrənməyə səy göstərirdi. Daim komanda yoldaşları ilə xoş münasibətdə olub, bildiklərini ətrafındakılarla paylaşmaqdan zövq alırdı. Onun əsas məqsədi Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək və özündən sonra yeni nəsil şahmatçıların yetişməsində yaxından iştirak etmək idi. Hazırda şahmatçının adını daşıyan akademiya fəaliyyət göstərir və Vüqarın arzuları bu məkanda gerçəkləşir”, - deyə Anar Allahverdiyev əlavə edib.

Vüqarın atası Qasım Həşimov oğlunun dünya şahmat tarixində özünəməxsus iz buraxdığını bildirərək deyib: “Vüqarın xatirəsinə həsr olunan turnirlər Azərbaycanla yanaşı, ABŞ və Avropanın bir sıra ölkəsində təşkil edilib. Braziliyada Vüqar Həşimovun adına komanda fəaliyyət göstərir. Həmin komanda ölkə çempionatında uğurla çıxış edir. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” super turnirində Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis olunub və ən yaxşı oyunçuya təqdim edilir. Vüqarın dünyanın ən tanınmış şahmatçıları ilə mehriban dostluq münasibətləri var idi. Hətta beynəlxalq qurumların nümayəndələri də onunla dostluq edirdilər. Bütün bu sadəlik və təvazökarlıq onun peşəkar şahmatçı kimi formalaşmasında mühüm rol oynayan amillərdən idi”.

Könüllülüyün yüksək keyfiyyətlərindən danışan Qasım Həşimov ölkəmizdə bu sahədə uğurların əldə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Belə yarışları könüllülərsiz təsəvvür etmək mümkün deyil. Könüllülərimiz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Çünki ölkəmizə gələn xarici qonaqlarda məhz ilk təəssüratı könüllülər yaradırlar. Bunun üçün hər bir könüllü xalqını, dövlətini Vüqar kimi sevməli və onun təbliğində mühüm rol oynamalıdır.

"ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov mərhum şahmatçının nailiyyətlərinin Azərbaycan gəncləri arasında təbliğinin vacibliyini və beynəlxalq qrossmeysterin xatirə turnirlərinin bundan sonra da təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib və şahmatçının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə “Vüqar Həşimov təbəssümü” filmi nümayiş olunub.

Daha sonra turnirə start verilib. Dairəvi sistem üzrə 5 turdan ibarət yarışda hər birinin heyətində 5 könüllü olmaqla 6 komanda mübarizə aparır.

Xəbər 785 dəfə oxundu.