İbrahim Şehiç: Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik
İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı vardı. Biz -legioner futbolçular da öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik.

Bu sözləri Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç deyib.

Qolkiper bildirib ki, mövsümün ilk yarısı onlar üçün uğurlu alınıb. “Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni edib Premyer Liqaya tam hazır olmalıyıq. Həmçinin milli komandada da nailiyyətlərim oldu. Bunun səbəbi də “Qarabağ”dır. Bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”, - deyə futbolçu vurğulayıb.

Xəbər 770 dəfə oxundu.