Bakıda qəbul edilən yeni qaydalar yerli cüdoçular, hakimlər və məşqçilərin diqqətinə çatdırılıb
Bakıda başa çatan beynəlxalq seminardan sonra yerli hakimlər və məşqçi-müəllimlər üçün treninq keçirilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin bütün bölgələrindən 250 nümayəndə iştirak edib.

ACF-nin vitse-prezidenti Sadıq Sadıqov seminar iştirakçılarını salamlayaraq paytaxtımızda təşkil olunan beynəlxalq seminarın əhəmiyyəti barədə məlumat verib. Qəbul edilən yeni yarış və hakimlik qaydalarının mütəxəssislər tərəfindən yerli məşqçi-müəllimlərin diqqətinə çatdırılacağını söyləyib.

Hər bir cüdo klubunun nümayəndəsinə, bölgə məşqçilərinə beynəlxalq seminarda qəbul olunan yeni qərarları özündə əks etdirən videomaterial şəklində hazırlanan disklər veriləcək. Tez bir zamanda federasiyanın rəsmi saytında yeni yarış və hakimlik qaydalarının Azərbaycan dilində tərcümə olunmuş versiyası yerləşdiriləcək.

Yerli seminarda bütün qərarlar nəzəri və praktiki olaraq hakimlər və məşqçilərin diqqətinə çatdırılıb.

Xəbər 756 dəfə oxundu.