Beynəlxalq və qitə futbol qurumları Rusiyaya sanksiya tətbiq edə bilər
Dopinq qalmaqalı Rusiyanın FIFA və UEFA tərəfindən cəzalanması ilə nəticələnə bilər.

Bunu FIFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Riçard Maklarenin rəhbərliyi altında apardığı araşdırmaların nəticələri təsdiqlənsə, şimal qonşularımız cəzadan qaça bilməyəcək: “Əgər Rusiyada dopinqdən istifadə halları aşkarlansa və bunlar təsdiqini tapsa, FIFA və UEFA lazımi ölçü götürəcək və mümkün sanksiyalar da tətbiq ediləcək”.

Bir müddət əvvəl C.İnfantino fərqli açıqlama vermişdi. O bildirmişdi ki, Rusiya idmanındakı qalmaqallar FIFA bayrağı altında keçiriləcək 2018-ci il dünya çempionatının təşkilinə təsir edə bilməz. Ali futbol qurumunun başçısı boykot və məhrumetmələrin Rusiyanın problemlərinin həlli olmadığını da vurğulamışdı.

Lakin dekabrın əvvəlində Maklarenin məruzəsinin ikinci hissəsi açıqlanıb. Burada rusiyalı idmançıların dopinqdən istifadəsi, onların dopinq nümunələri ilə bağlı manipulyasiyası əksini tapıb. Məruzəçi iddia edir ki, bir neçə rusiyalı futbolçunun da orqanizmində dopinq aşkarlanıb. Qadağan olunan preparatların yeniyetmə oyunçulara verilməsinin mümkünlüyü də bu sənəddə qeyd edilib.

Bu məruzə açıqlanandan sonra FIFA WADA-dan Maklarenin əsaslandığı bütün sübut və dəlilləri istəyib. Məlumatların öyrənilməsindən sonra qurum lazım olan addımları atacağını vəd edib.

Bundan başqa, FIFA-nın etika üzrə istintaq palatasının Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko ilə bağlı araşdırmaların başladığı haqda da şayiələr yayılıb. V.Mutko isə gələn il keçiriləcək konfederasiyalar kuboku və ardından dünya çempionatı ərəfəsində mümkün boykotdan çəkinmədiyini qeyd edib.

Xəbər 784 dəfə oxundu.