“Telekom” voleybol komandası Super Liqanın ikinci dövrəsini ilk sırada başa vurub
Dekabrın 28-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrəyə yekun vurulub.

İlin sonuncu qarşılaşmasında “Lokomotiv” və “Telekom” komandaları üz-üzə gəlib.

“Azərreyl” Voleybol Mərkəzində keçirilən matçın ilk hissəsində “dəmiryolçular” üstün olublar - 25:13. Lakin “rabitəçilər” oyunda dönüş yarada biliblər. Ardıcıl üç seti qələbə (25:19, 25:20 və 25:13) ilə başa vuran qonaqlar matçda 3:1 hesabı ilə qalib gələrək qış fasiləsinə lider kimi yollanıblar.

Altı turdan sonra turnir cədvəlinə 18 xalla “Telekom” liderlik edir. Aktivində 16 xal olan “Azərreyl” ikinci, 10 xala malik “Azəryol” isə üçüncüdür.

Xatırladaq ki, dekabrın 22-də keçirilməli olan oyun bu günə təxirə salınmışdı.

Xəbər 680 dəfə oxundu.