“İnter”in rekordunu kim qırdı?
Unibank Premyer Liqasında mütləq rekord qırılıb. İdman.com.az saytının məlumatına görə, cari mövsümdə ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malik “İnter” klubunun uğurlu çıxışı başa çatıb. Üzüntü, “bankçılar”ın XXII turda “Bakı” ilə səfər oyununda gerçəkləşdi – 0:1. Maraqlıdır ki, “İnter”in sonuncu məğlubiyyəti də məhz “Bakı” ilə görüşə təsadüf etmişdi. Bu, ötən ilin sentyabrın 20-də III turun matçında qeydə alınmışdı. Düzdür, onda “İnter” “Şəfa” stadionundakı ev oyununun uzatma dəqiqələrində meydanı tərk etdiyi üçün matç başa çatdırılmamışdı.

AFFA-nın İntizam Komitəsi bu səbəbdən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət vermişdi. “İnter” bunadək oyunda yeganə məğlubiyyətini, daha öncə, yəni II turda avqustun 14-də Ağdamda “Qarabağ”la oyunda almışdı. Komanda həmin səfər matçında da 0:1 hesabı ilə uduzmuşdu.
Beləliklə, “İnter” kuboku da nəzərə alsaq, 19 oyundan sonra uduzdu. Bu isə məğlubiyyətsiz seriyanın 162 gün sonra qırılmağı deməkdir.

Xəbər 979 dəfə oxundu.