İsmayıllı idmançıları ili uğurla başa vurublar
İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin rəhbərliyi və idman federasiyalarının yerli bölmələrinin sədrləri il ərzində ayrı-ayrı idman növləri üzrə respublika və beynəlxalq yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüşüblər.

Görüşdə rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov 2016-cı ildə idmanın ayrı-ayrı növləri üzrə qazanılan uğurlar barədə danışıb. Vurğulanıb ki, bu il poverliftinq, qoju-ryu karate, universal döyüş, qol güləşi, kempo-karate idman növləri üzrə Avropa və dünya çempionatlarında 3 birinci, 3 ikinci və 1 üçüncü yer qazanılıb. Hacıhətəmli kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət futbol komandası respublika çempionatında ikinci yerə layiq görülüb. Azyaşlı Ayan Orucova bədii gimnastika üzrə Dubayda keçirilən beynəlxalq yarışda II yeri tutub. İsmayıllı idmançıları 17 respublika, 7 beynəlxalq miqyaslı yarışda iştirak ediblər. Onlar beynəlxalq yarışlardan 15, respublika yarışlarından isə 47 medalla qayıdıblar.

Cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov, karate üzrə məşqçi Bayram Qəhrəmanov, OİK-in direktor müavini, velosiped idman növü üzrə baş məşqçi Anar Həsənov, idmançılar Toğrul Əsgərli, Eşqin Əsgərov, bədii gimnast Ayan Orucovanın babası Rizvan Orucov çıxış edərək gəncliyə, idmançılara göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşə yekun vuraraq ölkəmizdə, o cümlədən İsmayıllıda idmanın güclü maddi-texniki bazasının yaradıldığını, idmanın hərtərəfli inkişaf etdiyini, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb və bu sahədə dövlətimizin başçısının gördüyü işlərdən danışıb.

Xəbər 711 dəfə oxundu.