“Kəpəz”in qış hazırlıq planı müəyyənləşib
Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra “Kəpəz” futbol klubu istirahətə buraxılıb. Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.

Hazırlıq planına əsasən, Gəncə klubu yanvarın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. “Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaqlar. “Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq.

Toplanış müddətində Nizami yurdunun təmsilçisi yanvarın 17-də və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 oyun) çıxacaq.

Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.


Xəbər 780 dəfə oxundu.