Dəmir atları yəhərləmək vaxtıdır
İdmanın elə növləri var ki, onları təkcə sağlamlıq, əyləncə, asudə vaxtın keçirilməsi anlayışları ilə bağlamaq düzgün olmazdı. O növlərin inkişafı daha çox hərbi hazırlıq, həyatda heç kimin sığorta olunmadığı təbii fəlakətlər və tektonik hadisələr zamanı yardım, xilasetmə və digər bu kimi fövqəladə hadisələr zamanı əməliyyatçıların köməyinə çatır. İdmanın kütləviliyindən danışarkən bu növləri də unutmaq olmaz: qaçmaq, üzmək, güllə atıcılığı, atçılıq, qayaya dırmanma və sairə. Bu sıraya idmanın texniki növləri də daxil edilməlidir. Avtomobili, motosikli idarə etmək bacarığı olan hər bir əsgər komandirin fəxridir.
İdmanın texniki növləri olimpiya oyunlarının proqramında yoxdur. Olimpiadada nə vaxt motokross yarışlarının, motobol oyunlarının təşkil olunacağı barədə inanmıram ki, kimsə sizə konkret bir söz deyə bilsin. Amma bu, bir çox ölkələrdə həmin idman növlərinin kütləviliyini heç də aşağı salmayıb.
Bir vaxtlar Sovet dönəmində Azərbaycanda avto və moto idman növləri kifayət qədər nüfuz qazanmışdı. Bakıda, Sumqayıtda, Gəncədə yaxşı motokrosçular, motobolçular var idi və komandalarımız Üımumittifaq yarışlarında layiqincə çıxış edə bilirdilər. Müstəqillik dövründə, bir çox idman növləri kimi, motoidman da ağır tənəzzüldən böyük çətinliklərlə də olsa, baş qaldırmağa başladı. Respublikanın veteran idman motosikletçilərindən olan Kür Səfərəliyevin təşəbbüsü, səyi ilə keçmiş motoidmançılar bir araya gəldilər. Veteranlar çoxdan unutduqları motosikllərini zirzəmilərdən, şəxsi qarajlarından çıxarıb təmir etdilər. İndi artıq Bakının xəritəsindən silinmiş motodromda yenidən motosikl mühərriklərinin gurultusu eşidildi. Doğrudur, onların maşınları həm fiziki, həm də mənəvi cəhətdən çox köhnəlmişdi. Amma idmançılarımız "Nikolay dövründən qalma" motoskillərilə beynəlxalq yarışlara yollanır, ən müasir texnika ilə silahlanmış, təpədən-dırnağa xüsusi ləvazimatla təchiz olunmuş rəqiblərlə yürüşə çıxırdılar. Qəribə də olsa, bu yarışlardan mükafatla qayıdırdılar. İndi artıq motodrom da yoxdur. Bəs, motosiklet idmanımızda bu vəziyyət nə yerdədir?
Bu suala cavab tapmazdan əvvəl, ona cavab verə biləcək yeganə adamı - federasiya prezidenti Kür Səfərəliyevi tapmaq lazım idi. Bu o qədər də çətin olmadı. İndi o, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinə rəhbərlik edir və motosikl idmançılarının bir neçəsi də orada işləyir. İdarənin fəaliyyətində motosikl hərəkəti çox böyük əhəmiyyət kəsb edir. Adından göründüyü kimi, idarənin əsas vəzifəsi darda qalan, çətinliyə düşən insanlara yardım etmək, onları çətinlikdən qurtarmaqdır. Bakı küçələrindəki avtomobil tıxaclarını yarıb, hadisə yerinə ən qısa vaxtda çatmaq üçün motosikl ən yaxşı vasitədir.
Motorlaşdırılmış qrupun üzvləri şəhərin istənilən nöqtəsinə 5 dəqiqə ərzində çatırlar. Bunu isə adi motosikletçi bacarmaz, amma motosiklet idmanı ustası üçün burada heç bir çətinlik yoxdur.
K.Səfərəliyevin stolunun üstündəki ratsiya demək olar ki, susmaq bilmir. Haradasa avtomobil qəzası baş verib, hardasa körpə uşağın əli ətçəkən maşının bıçaqları arasında qalıb, başqa birini mərtəbələr arasında ilişib qalan liftdən çıxarmaq lazımdır. Bir sözlə, rahat söhbət üçün imkan çox məhdud idi; bununla belə, motosikl idmanının bugünü haqqında bəzi məlumatları ala bildik.
- Keçən Bakı və respublika birinciliklərini iki mərhələdə keçirə bildik, - deyə K.Səfərəliyev bizi ötənilki vəziyyətlə tanış etdi. - Yarışlarımızın coğrafiyası çox dardır - Bakı və Sumqayıt. Biz hələ Bakıda bu işi istədiyimiz kimi yönəldə bilməmişik. Bu idman növündə texnikanın və motosikletçinin təminatı, maşınlara texniki xidmət çox bahadır, maddi imkanlarımız isə məhduddur. Amma ötən il Fövqəladə Hallar Nazirliyi bizə Avropanın ən güclü modeli olan KTM markalı Avstriya motosiklləri bağışlayıb.
Bu səxavətə, qayğıya görə o, nazirliyə çox minnətdardır. Amma bununla yara sağalmır. Federasiya prezidentinin sözlərinə görə, idmançıların minimum 15-20 belə texniki vasitəyə ehtiyacı var.
Başqa bir problem yeniyetmələr üçün motosikl olmamasıdır. Motosiklet idmanına həvəs göstərən yeniyetmələr çoxdur. Amma biz hamını qəbul edə bilmirik. Ona görə ki, müvafiq texnikamız yoxdur.
"Harada məşq edirsiniz?" sualına həmsöhbətim yarızarafat, yarıciddi - Harda gəldi, - deyə cavab verdi.- Lökbatanda bir yer tapmışıq, trasla kəsişən torpaq yol hissəsidir. Ora sahibsiz bir sahədir və biz məşqlərimizi orada keçiririk. Hələ ki, bizə bir söz demirlər. Orda öz hesabımıza boks da tikmişik, yüngülvarı təmir üçün şərait yaratmışıq. Amma o yerin bizə verilməsi qanuniləşməyib, sənədləşməyib. İstənilən vaxt bizi oradan çıxara bilərlər. Sumqayıtda, dəniz kənarında da məşq edirik.
Bununla belə, ötən il federasiya motosikl və hətta kvadrosikl yarışları da keçirib. Federasiyanın özünün kvadrosikilləri yoxdur. Bunun üçün belə texnikası olanlara müraciət olundu, yarışa çağırıldı. 12 nəfər çağırışa cavab verdi, yarışda iştirak etmək niyyətində olduğunu bildirdi. Onu da qeyd edək ki, kavdrosikllər bü gün hərbdə, Sərhəd Qoşunlarında, Fövqəladə Hallar Nazirliyində, Daxili İşlər Nazirliyində geniş miqyasda istifadə olunur.
Ötən il momtosikletçilər Belarusun Pinsk şəhərində keçirilən motobol üzrə Avropa çempionatında iştirak ediblər. Yarışa yollanan komandanın texnika və ekipaj təminatının vəziyyətini təsvir edən K. Səfərəliyevin sözlərindən sonra, qitənin ən güclü 8 ölkəsinin iştirakı ilə keçən yarışda komandamızın necə çıxış etməsi barədə sualın özü gülüncdür. Amma federasiya prezidenti qeyd edir ki, motobolçular Nəsimi Abbasov, Valeh Qədirov, Oleq və Denis Suxoqruzov qardaşları, Nadir Qəmbərov, Həsən Əliyevdən ibarət komandamız ən böyük tamaşaçı rəğbətini qazanıb:
-Əlbəttə, bizim 1980-ci illərin Sovet texnikası ilə 2010-cu ilin Yaponiya, Fransa istehsalı olan ən müasir motoskillərinə qarşı çıxmağın özü böyük igidlikdir və tamaşaçılar da bunu dəyərləndirməyi bacardılar - Federasiya rəhbəri bunu belə izah etdi.
Onu da qeyd etməyi lazım bildi ki, Azərbaycan Motoskil İdmanı Federasiyası Avropa Motosklet Birliyinin (UEM) üzvlüyünə MDB məkanı ölkələri arasında Rusiyadan sonra daxil olan ikinci federasiyadır. Bu da K.Səfərəliyevin Avropa qurumu rəhbərliyi ilə ümumi dil tapmaq bacarığının nəticəsidir. UEM konfranslarının birində çıxış edən K.Səfərəliyev rəyasət heyətinə müraciətlə dedi: "Biz UEM üzvü olduğumuz təqdirdə sizə həm yaxın dost, eyni zamanda güclü rəqib olmağa çalışacağıq".

Ə. FƏRƏCOV

Xəbər 3881 dəfə oxundu.