Cəmşid Məhərrəmov: «Bizdə «İnter»ə qarşı kin yox idi» - MÜSAHİBƏ
«Bakı» klubu ilə «İnter» arasında oynanılan paytaxt derbisi həmişə maraqlı və prinsipal olub. Bu gün ölkə çempionatı çərçivəsində keçirilmiş matç isə gərginliyi ilə digərlərindən seçilib. İlk dövrənin güzəştsiz rəqabətdə hesab 0:0 olarkən, son dəqiqələrdə «ağ-göylər» daha bir dəfə 11-metrlik cərimə zərbəsi vurmaq hüququ qazanmışdı. Hakimin bu qərarına etiraz edən «İnter» rəhbərliyi futbolçuları meydandan çıxararaq, görüşü davam etdirməkdən boyun qaçırmışdı. Belədə, rəqib texniki məğlubiyyət almışdı.

Bu dəfə «bankçılar» həmin üzüntünün əvəzi çıxmaq və Unibank Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək niyyətində idi. «Bakı» isə, son dövrdə itirməkdə olan imicini geri qaytarmaq, ilk «altılığda» mükafat uğrunda döyüşdən qopmamaq üçün əla fürsət tapmışdı. Amma matç gözləniləndən sakit məcrada keçdi və Aleksandr Starkovun rəhbərlik etdiyi komanda sonda minimal hesablı qələbəni bayram etdi (1:0). Görüşdən sonra «Bakı»nın kapitanı Cəmşid Məhərrəmov «İdman» qəzeti və idman.com.az saytına verdiyi müsahibədə deyib ki, bu matç onlar üçün dönüş nöqtəsi olub.

- «İnter»i yaxşı tanıyır, taktikasına bələd idlk. Bilirdik ki, qısa ötürmələr edən, uzun hava pasları ilə oynayan komandadır. Ona görə də yaxşı hazırlaşmışdıq. Şükür Allaha, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik. Sonda bizə çox vacib olan bir qələbə qazandıq.

- Necə düşünürsünüz, Elvin Məmmədovun qırmızı vərəqə alması «Neftçi» ilə növbəti görüşdə sizə çətinlik yaratmayacaqmı?
- Onun ağır cəzalanmasına heyifsilənirəm. Əlbəttə, «Neftçi» ilə mühüm matç öncəsi bizə ağır itkidir. Ancaq inanıram ki, onun yerinə oynayacaq futbolçu etimadı doğruldacaq. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, «Bakı»da hamı meydana yalnız qələbə üçün çıxır.

- Bu rəqiblə ilk dövrədə gərgin anlar yaşadınız. Hakimə etiraz edən «İnter» görüşü sonadək davam etdirmədi. Qalmaqallı 3 xal qazandınız…
- Deyə bilmərəm, onların ürəyində bu kin qalmışdı, ya yox. Amma bizdə kin yox idi. Başqa oyunlara necə hazırlaşırdıqsa, «İnter»lə oyuna da belə hazırlaşmışdıq. Şükür Allaha, bu çətin görüşdən qələbə ilə ayrıldıq.

- Yəqin razılaşarsınız ki, bu uğurla ilk «atlılığ»da medallar uğrunda mübarizəni davam etdirmək imkanı əldə etdiniz.
- Əlbəttə. İndi bizim xal itirməyə haqqımız yoxdur. İtirdiyimizi, əvvəldə itirmişik. Ona görə var qüvvəmizi toplayıb, yalnız qələbə qazanmağa çalışırıq. Düzü, yaradılan bu gözəl şəraitin qarşılığında avrokuboklara düşməmək, biz tərəfdən yaxşı hal deyil.

Kamran HACI

Xəbər 1061 dəfə oxundu.