Astarada idmançılarla görüş keçirilib
Astara Rayon Gənclər və İdman İdarəsində juboksinq citsu və qarışıq idman növləri üzrə Dünya kuboku yarışında və budo döyüş növlərində layt kontakt versiyası üzrə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında uğur qazanmış idmançılarla görüş keçirilib.

Görüşdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev idmançıları qazandığı qələbələr münasibətilə təbrik edib. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlardan danışan Ə.Əliyev bütün bu nailiyyətləri dövlətimizin başçısının ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının nəticəsi kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, juboksinq citsu və qarışıq idman növləri üzrə Bakı şəhərində keçirilən Dünya kuboku yarışında juboksinq üzrə 12-14 yaşlı astaralı idmançılardan Rüstəm Novruzov 40 kiloqram, 14-16 yaş qrupunda Nihad Nəzərzadə 48 kiloqram çəki dərəcəsində birinci, 15-17 yaş qrupunda İlkin Həsənzadə 54 kiloqram çəki dərəcəsində birinci, 18+ yaş qrupunda isə Asiman Xankişiyev 60 kiloqram çəki dərəcəsində üçüncü yerə sahib olublar.

Dünya Layt Kontakt Döyüş Təşkilatı və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə budo döyüş növlərində layt kontakt versiyası üzrə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında isə Asiman Xankişiyev ikinci yeri tutaraq gümüş medal qazanıb.

Görüşdə çıxış edən idmançılar bundan sonra da ölkəmizin və rayonun idman şərəfini qorumaq üçün səylə çalışacaqlarını bildiriblər.

Xəbər 703 dəfə oxundu.