“Qəbələ”nin heyətində bəzi dəyişikliklər olacaq.
Ölkə çempionatında qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ”nin heyətində bəzi dəyişikliklər olacaq.

Klub yayda transfer edilən, ancaq özünü doğrultmayan Petar Franyiçlə yolları ayırmaq niyyətindədilər. Lakin 25 yaşlı futbolçunun “Qəbələ” ilə cari mövsümün sonuna qədər müqaviləsi var. Bölgə təmsilçisi Franyiçin razılığını almadan onunla vidalaşsa, təzminat ödəmək məcburiyyətində qalacaq. Əgər Franyiç sözləşməsinin sonuna qədər “Qəbələ”də qalmaq istəsə, mövsümün ikinci hissəsini əvəzedici komandanın heyətində keçirməli olacaq.

Dmitri Bezotosnının müqaviləsinin müddətini uzadan “Qəbələ” bu günlərdə Vojislav Stankoviçlə də yeni sözləşmə imzalayacaq. Baş məşqçi Roman Qriqorçuku daha çox mərkəz hücumçusu və cinah yarımmüdafiəçisi mövqeləri narahat edir. Baqali Dabonun ardıcıl zədələr alması komandanın hücum xətti ilə bağlı sıxıntı yaratdı.

Qeyd edək ki, Qriqorçuka 7-8 nəfərlik siyahı təqdim edilib və o, bəyəndiyi oyunçuların adlarını hələ açıqlamayıb.

Xəbər 761 dəfə oxundu.