Formula-1 yarışının Azərbaycandakı promouter şirkəti “Bakı Şəhər Halqası” xeyriyyə aksiyası keçirir
Dekabrın 20-də Formula-1 yarışının Azərbaycandakı promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında ehtiyac içində olanlara dəstək vermək məqsədilə xeyriyyə guşəsi açıb.

Şirniyyatlar, şallar, papaqlar, corablar və digər əl işlərinin satışa çıxarıldığı aksiyadan əldə olunan vəsait ağır xəstəlikdən əziyyət çəkən azyaşlıların müalicəsinə sərf olunacaq. Aksiya dekabrın 26-dək davam edəcək.

BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai hamını əməliyyat şirkətinin xeyriyyə yarmarkasındakı guşəsini ziyarət etməyə və orada satışa çıxarılan məhsulları almaqla ehtiyac içində olanlara əl uzatmağa dəvət edir: “Biz indiyədək sosial məsuliyyət prinsipindən yola çıxaraq cəmiyyətimizə davamlı şəkildə hər fürsətdə öz töhfəmizi verməyə çalışmışıq. Cari mövsüm bu istiqamətdə olan səylərimizi daha da artıracağıq. Bu məqsədlə xeyriyyə yarmarkasında açdığımız guşədə kiçik sahibkarların, o cümlədən regionlarda yaşayan xanımların əl işləri satışa çıxarılıb.

Bizim üçün bu fəaliyyət ikiqat sosial məsuliyyət daşıyır. Biz bir tərəfdən yerli sahibkarların əl işlərini yüksək qiymətləndirməklə onların biznes fəaliyyətinə dəstək oluruq, digər tərəfdən məhsulların satışından əldə olunan vəsaiti ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönləndirməklə cəmiyyətdə sosial rifahın tam şəkildə təmin olunmasına çalışırıq”.

Qeyd edək ki, BŞH növbəti aylarda da oxşar tədbirlər keçirməklə əhali arasında sosial rifahın yüksəldilməsi istiqamətində öz dəstəyini göstərməyə davam edəcək.

Xəbər 680 dəfə oxundu.