Vüqar Həşimov adına Şahmat Akademiyasında beynəlxalq şahmat festivalında “üçhakimiyyətlilik” yaranıb
Beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun adını daşıyan Şahmat Akademiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat festivalında beşinci turun oyunları başa çatıb.

Festival çərçivəsində dörd yarış keçirilir: open-turnir, 10 yaşa qədər uşaqlar arasında turnir (bu turnirlərin nəticələri FİDE-nin reytinqinə hesablanır), rapid-turnir və blits-turnir.

Open turnirdə üç ölkəni – Azərbaycan, İran və Fransanı təmsil edən 89 şahmatçı iştirak edir. Beş turdan sonra hərəsinin aktivində 4,5 xal olan 3 iştirakçı (FİDE ustası Fərid Zeynalov, ustalığa namizəd Aydın Süleymanlı və Zaur Bayramovun) liderlik edir. On şahmatçının hərəsi 4 xal, yeddi şahmatçının hərəsi 3,5 xal toplayıb.

10 yaşa qədər uşaqlardan ibarət qrupun turnirində Azərbaycandan olan 34 iştirakçı qarşılaşır. Bu turnirdə 5 turdan sonra Ziya Məmmədov və Nərmin Abdinova hərəyə 4,5 xal, Ramil Əhmədov 4 xal toplayıb. Bu qrupda 5 şahmatçının hərəsinin aktivində 3,5 xal var.

Open-turnir dekabrın 23-də, uşaqların turniri isə dekabrın 22-də başa çatacaq.

Turnirin baş hakimi FİDE arbitri Cavanşir Bağırovdur.

Xəbər 720 dəfə oxundu.