Cüdoçularımız “Qızıl Liqa” yarışında 1 qızıl və 1 bürünc medal qazanıblar
Azərbaycan cüdoçuları ilin sonunda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa “Qızıl Liqa” yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın “Sagaredjo FF Superstars” klubunun heyətində “Qızıl liqa”nın qalibi olub.

Rusiyanın Qroznı şəhərində keçirilən yarışda Gürcüstan təmsilçisi əvvəl “Sportinq”i (Portuqaliya) 3:2, sonra “Abensberq”i (Almaniya) 5:0 hesabı ilə məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə “Yavara Neva”nı (Rusiya) üstələyib – 3:2.

Millimizin Olimpiya mükafatçısı Rüstəm Orucov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda Portuqaliya təmsilçisi “Edelveys” (Qroznı) və “Nalçik” (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib.

Yarışın mükafatlandırma mərasimində Nicat Şıxəlizadəyə Avropa “Qızıl Liqa”sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.

Xəbər 685 dəfə oxundu.