Belçikada 18-ci gimnastika üzrə qala gecəsi keçirilib
Belçikanın Antverpen şəhərində 18-ci GYMGALA (gimnastika üzrə qala gecəsi) keçirilib.

Tədbirin təşkilatçıları tərəfindən dəvət olunmuş ölkəmizin qrup hərəkətləri komandası da bu şouda maraqlı çıxışı ilə yadda qalıb.

Belə ki, GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri olan Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət qrupumuzun 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə icra etdikləri kompozosiyalar Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.

Şounun ulduz idmançıları arasında bu il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da yer alıblar.

Ümumilikdə tədbirdə Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.


Xəbər 863 dəfə oxundu.