Taekvandoçularımızın Bakı Qran-prisində və dünya çempionatında çıxışları yüksək qiymətləndirilib
Taekvando üzrə Azərbaycan yığması Olimpiya növləri üzrə çempionatda qalib gələn ilk komandadır. Komandalararası dünya çempionatında səkkiz ən güclü komanda iştirak edirdi. Taekvandoçularımız heç bir komandaya şans vermədilər və kubok bu il də Azərbaycanda qaldı. Komandamız hər iki uğuru baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə qazanıb. Ötən il komandamızın Meksikada qazandığı çempionluğu Bakıda qorumasına müntəzəm məşqlər səbəb olub.

Bu sözləri dekabrın 15-də Azərbaycan Taekvando Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov kişi taekvandoçulardan ibarət yığma komandamızın Bakıda keçirilən Qran-pri yarışında və komandalararası dünya çempionatındakı uğurlu çıxışına, eləcə də ATF-in Beynəlxalq Taekvando Federasiyası tərəfindən “İlin ən yaxşı milli assosiasiyası” elan edilməsinə həsr olunan mətbuat konfransında deyib.

Qadınlardan ibarət Azərbaycan yığmasının komandalararası dünya çempionatında ümidləri doğrultmamasına toxunan N.Səfərov deyib: “Olimpiya Oyunlarından iki ay sonra bu yarışda iştirak etmək komandamızın təqvim planında yox idi. Kişilərdən ibarət komandamız yarışa hazır olsa da, qadın taekvandoçularımız yaxşı hazırlaşa bilmədilər”.

ATF-in vitse-prezidenti gələn il bir sıra yeni idman bazalarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bildirib ki, federasiya ilk bazanı Ağdamda açmağı planlaşdırır.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov milli komandanın mundialda çempion adını yenidən qazanmasını yüksək qiymətləndirib. İ.İsmayılov taekvandoçularımızın “Rio-2016” Yay Olimpiya Oyunlarında qazandıqları nailiyyəti növbəti turnirlərdə, xüsusilə “Tokio-2020”də də təkrarlayacaqlarına əminliyini bildirib.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev Rio Olimpiadasının qalibi olan Radik İsayevin Bakı Qran-prisində məğlubiyyətinə münasibət bildirərək deyib: “Radik İsayevin çempionatda iştirak etməsini istəmirdik. Lakin qaydalara əsasən, o, yarışda iştirak etməli idi. Onun Qran-priyə qatılmadan dünya çempionatında iştirak etməsi üçün tibbi arayış lazım idi. Olimpiya mükafatçımız dünya reytinq cədvəlinə başçılıq etdiyindən Bakıda qalib gələn digər idmançılar reytinq xalında ona çata bilmədilər”.

Ardıcıl iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağın heç də asan başa gəlmədiyini vurğulayan kişi taekvandoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandoust bildirib: “Taekvandoçularımızın uğurla çıxış etmələri üçün Azərbaycan dövləti və Federasiya tərəfindən hər cür şərait yaradılıb. Biz ilk gündən idmançılar arasında dəqiq seçim apardıq və uğur qazanmağa başladıq. Artıq Olimpiya yarışları üçün hazırlıq planımız var. Planda dörd illik hədəfləri dəqiq müəyyənləşdirmişik. Bəzi çatışmazlıqlarımız olsa da, bütün çətinlikləri geridə qoyacağımıza inanıram”.

XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Radik İsayev Bakıda keçirilən Qran-pridə məğlub olması barədə danışaraq deyib: “Olimpiadadan sonra zədəli idim. Dərhal məşqlərə başladığımız üçün istirahət etməyə vaxtım olmadı. Qran-pridə birinci döyüşdə uduzsam da, ikigünlük istirahət mənə formamı bərpa etməyə və dünya çempionatında uğurla mübarizə aparmağıma kömək etdi”.

Xatırladaq ki, Bakıda keçirilən beynəlxalq Qran-pri yarışında taekvandoçumuz Milad Beigi Harçeqani 80 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Kişilərdən ibarət millimiz isə komandalararası dünya birinciliyini qələbə ilə başa vuraraq, dünya çempionu titulunu qoruyub.

Xəbər 737 dəfə oxundu.