Vüqar Həşimov Şahmat Akademiyası bir sıra uğurlara imza atıb
Dekabrın 15-də Vüqar Həşimov Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Vüqar Həşimov Fondunun prezidenti Anar Allahverdiyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərdən danışan A.Allahverdiyev qrossmeyster Vüqar Həşimovun əldə etdiyi uğurlar barədə məlumat verib. Bildirib ki, sentyabrda fəaliyyətə başlamasına baxmayaraq, akademiya bir çox ilklərə və uğurlara imza atıb. Qapılarını idmanın bu növü ilə məşğul olanlara və həvəskar şahmatçılara açan akademiyada ilk dəfədir belə bir festival keçirilir. Festivala İran və Fransa şahmatçıları da qatılıblar. Bu yarış yeni istedadların üzə çıxarılması, onların səviyyələrinin yüksəldilməsi baxımından mühüm rol oynayacaq.

Akademiyanın fəaliyyətini və festivalın əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib: “Bu gün Vüqarı sevənlər və şahmat həvəskarları bu tədbirdə iştirak edirlər. Ümumiyyətlə, ölkəmizdə digər sahələr kimi, idman da sürətlə inkişaf edir. Şahmatçılarımız ölkəmizi layiqincə təmsil edirlər. Bu yaxınlarda Azərbaycan şahmatçısı Səmra Qasımova məktəblilər arasında dünya çempionu olub. Bu, ölkəmizdə uğurla həyata keçirilən idman siyasətinin daha bir göstəricisidir. Son illər Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu ilin sentyabrında ölkəmiz yüksək təşkilatçılıq bacarığını bir daha nümayiş etdirərək 42-ci Ümumdünya Şahmat Olimpiadasını mükəmməl səviyyədə təşkil etdi”.

Qrossmeyster Vüqar Həşımovun atası Qasım Həşimov Vüqarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. Vüqarın xatirəsinin yaddaşlarda qalması üçün bundan sonra da müxtəlif layihələrin həyata keçiriləcəyini bildirən Q.Həşimov deyib: “Akademiya fəaliyyətə başlamasından ötən qısa müddətdə bir çox nailiyyətlərə imza atıb. Bu yaxınlarda akademiyada beynəlxalq qrossmeyster Qədir Hüseynov tərəfindən ustad dərsi təşkil olunub. Həmçinin yığmanın digər üzvləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun da ustad dərsləri və seansları keçiriləcək. Hazırda bir neçə layihə üzərində iş gedir. Ümid edirəm ki, gələcəkdə akademiyamızın yetirmələri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklər. Bu uğurda bizim də payımızın olmasını istəyirik”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Salman Abdulov akademiyada şahmatçılar üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb, turnir iştirakçılarına uğurlar arzulayıb.

Turnirin baş hakimi, FIDE arbitri Cavanşir Bağırov reqlament və qaydalar haqqında məlumat verdikdən sonra yarış açıq elan olunub.

Festival çərçivəsində açıq turnir, 10 yaşadək uşaqların qrupunda yarış (hər iki turnirdə FIDE reytinqi nəzərə alınacaq), rapid və blits turnirləri keçirilir.

Açıq turnirdə qrossmeyster Ülvi Bacarani, FIDE ustası Andrey Mustafin, Məhəmməd Muradlı, ustalığa namizədlər Kənan Qarayev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ayan Allahverdiyeva, Read Səmədov, Mələk İsmayıl, Ümid Aslanov və başqaları iştirak edirlər.

Rapid və blits yarışlarında qrossmeysterlər Vüqar Rəsulov, Ülvi Bacarani, Zaur Məmmədov, Ürfan Sevdimalıyev, beynəlxalq usta Orxan Abdulov, FIDE ustaları Elvin Bayramov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Toğrul Həsənzadə, ustalığa namizədlər Əhməd Əhmədzadə, Ayan Allahverdiyeva, Ümid Aslanov və başqaları güclərini sınayırlar.

Festivalda ümumilikdə 200-dən çox şahmatçı iştirak edir.


Xəbər 681 dəfə oxundu.