«Baku Fires» ilk dəfə uduzdu
Bu gün Hindistanın Mumbay şəhərində «Venky’s Mumbai Fighters» və «Baku Fires» komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 1/4 finalının ilk qarşılaşması baş tutub. İdman.com.az saytının məlumatına görə, 2:3 hesabı ilə məğlub olan Azərbaycan komandası mövsümdə ilk məğlubiyyətinə uğrasa da, yarımfinala yüksəlmək üçün şanslarını saxlayıb. Bunun üçün martın 10-da Bakıda keçiriləcək cavab matçında 4:1 hesabı ilə qalib gəlmək lazımdır. «Bakı Alovları» 3:2 hesabı ilə qalib gəldiyi təqdirdə isə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək çəki kateqoriyasında olan boksçular qarşılaşacaq.

Hindistan matçına qayıdaraq qeyd edək ki, müntəzəm mövsümün görüşlərindən fərqli olaraq, burada döyüşlər artan çəki kateqoriyası üzrə deyil, qarışıq aparılıb.
İlk olaraq rinqə Nikolay Veselov (73 kq) və Tomaş Yablonski çıxıb. Baku Fires-in beloruslu legioneri polyak rəqibindən üstün olub. Üç hakimdən ikisi qələbəni Veselova verib - 47:48, 50:45, 50:45. Veselov üçün bu üç matçda üçüncü qələbədir.

Təəssüf ki, ikinci boksçumuz Vətən Hüseynli (85 kq) məğlub oldu. Bu dəfə o ukraynalı Sergey Melnikə uduzub. Venky’s Mumbai Fighters-in Hüseynlidən 5 yaş böyük olan 24 yaşlı boksçusunun xeyrinə hər üç hakim səs verib - 49:46, 48:47, 49:46.
Qaribəy Germaxanov (54 kq) öz qələbə seriyasını davam etdirir. O kifayət qədər təcrübəli rəqiblə - Asiya çempionatının mükafatçısı, 2008-ci il Olimpiadasının dörddə bir finalçısı Citender Kumarla qarşılaşıb. Döyüş dördüncü raunda – hesab Germaxanovun xeyrinə 39:37, 38:38, 38:38 olan zaman saxlanılıb.

Semen Qrivaçev (61 kq) filippinli Çarli Suaresə məğlub olduqdan sonra qarşılaşmada hesab bərabərləşib - 47:48, 46:49, 46:49. Venky’s Mumbai Fighters-in Hacı Murtuzəliyevə (+91 kq) qalib gəlmiş Yeni Zelandiyalı boksçusu matçda son nöqtəni qoyub - 49:46, 48:47, 48:47.

Xəbər 1142 dəfə oxundu.