Naxçıvan şəhər birinciliyində 70-ə yaxın idmançı qüvvəsini sınayıb
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə gənclər və kişilər arasında MMA qarışıq döyüş növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 çəki dərəcəsində 70-ə yaxın idmançı qüvvəsini sınayıb.

Yarış başlamazdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara məlumat veriblər.
Gərgin mübarizə şəraitində keçən yarışda Fərid Məmmədov, Nizami Hüseynov, Elvin Tağıyev, Elçin Əsgərov, Cəmaləddin Tağıyev, Məhəmmədəli Bağırov, Nəcəfəli Nəcəfov müvafiq olaraq 52, 56, 61, 66, 70, 77 və 84 kiloqram çəki dərəcələrində I yerlərə layiq görülüblər.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 757 dəfə oxundu.