Roman Qriqorçuk: Bu qədər qol imkanı əldə etdiyimizi xatırlamıram
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – AZAL oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyunun ikinci yarısında 3-5-2 sistemi ilə oynamağımıza gəlincə, bu kənardan belə görünürdü. Əslində biz müdafiəçilərə fərqli tapşırıqlar vermişdik. Növbəti oyunlarda bu sistemdən istifadə edəcəyimizlə bağlı nəsə deyə bilmərəm. Uzun illər 3 müdafiəçili sistemdən istifadə etmişəm. Buna bələdəm. Bu sistemdə çox uduzmuşam. Yenidən həmin sxemə keçməyimiz mənasız olardı. Amma bunu bacarsaq, heç də pis sayılmaz. Çünki komandamızın müxtəlif sistemdə oynaya bilməsi yaxşı hal olardı. Təbii ki, buna vaxt lazımdır. İndi isə bunu etmək çətindir. Birinci hissə ilə müqayisədə ikinci hissədə çox şeyi dəyişməyə ehtiyac yox idi. Sadəcə tempi artırıb, daha aqressiv, hücumda kəsərli oynamalı idik. Prinsipcə, bu da bizdə alındı. Qol imkanlarından istifadə isə yenə çox aşağı səviyyədə idi. Bu görüşdəki qədər qol imkanı əldə etdiyimiz oyun xatırlamıram. Fərqləndiyimiz epizodlardan başqa, təxminən 10 yüz faizlik qol imkanımız da oldu. Bu bir yandan yaxşıdır ki, bu qədər epizod yaradırıq. Digər tərəfdən bundan istifadə isə çox aşağıdır. Məhəmməd Mirzəbəyov kiçik zədəsi olduğundan meydana çıxmır. O, oynamağa hazır olsa da, biz risk etmək istəmirik. “Qış transfer pəncərəsi” ilə bağlı müəyyən niyyətimiz var. Bəzi işlər görülür. Amma qışda heyəti gücləndirmək həmişə çətin olur. Uğur qazanmaq üçün hər şeyi vaxtında etmək lazımdır. Bu il biz heyəti iyunda topladıq. Belədə uğur qazanmaq çətindir. Amma bəzən möcüzələr olur. Biz də bunu yaşadıq və UEFA Avropa Liqasında 4 mərhələ keçib, qrupa düşdük. Yaxşı oyunlarımız da oldu. Amma ümumilikdə ciddi uğur üçün sistem olmalıdır. Bu bir neçə ayın işi deyil. Biz də nəyin üzərində çalışacağımızı bilirik”.

Xəbər 666 dəfə oxundu.