Taekvondoçularımız komandalararası dünya çempionatının yarımfınalında Türkiyə ilə qarşılaşacaq
Dekabrın 12-də Bakıda təşkil olunan taekvando üzrə komandalararası dünya çempionatının birinci günündə qrup qarşılaşmaları keçirilib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində iki gün davam edəcək yarışda həm kişilər və həm də qadın taekvandoçular iki qrupda mübarizə aparırlar.

Azərbaycanın kişilərdən ibarət yığma komandasının heyətində Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxıblar. “B” qrupunda ilk görüşdə Belçikanı məğlub edən (27:8) idmançılarımız sonrakı döyüşdə ABŞ üzərində (42:4) böyük hesabla qələbə qazanaraq qrup birincisi kimi yarımfinala adlayıblar. Dekabrın 13-də baş tutacaq yarımfinal görüşündə komandamız “A” qrupunun ikincisi olan qardaş Türkiyə taekvandoçuları ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə “A” qrupunu lider kimi başa vuran Koreya Respublikasının təmsilçiləri “B” qrupunun ikincisi Belçika ilə final mübarizə aparacaqlar.

Qadın millimizin heyətində isə Azərbaycanı Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal ( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Ooqink (-73 kq) təmsil ediblər. Lakin komandamız yarımfinala yüksəlməyi bacarmayıb. Qrupun ilk görüşündə ABŞ-a qalib gələn seçməmiz (11:6), sonrakı iki oyunda məğlub olub. Qadın taekvondoçularımız əvvəlcə Koreya Respublikasına (2:24), daha sonra Türkiyəyə (1:11) uduzaraq turnirdə mübarizəni dayandırıblar. “B” qrupunun ikincisi olan Türkiyə yığması “A” qrupunun birincisi Çin ilə üz-üzə gələcək. “B” qrupunda lider olan Koreya Respublikası isə yarımfinalda “A” qrupunun ikincisi Rusiya ilə yarışacaq.

Çempionatın yarımfinal və final görüşləri, habelə mükafatlandırma mərasimi dekabrın 13-də keçiriləcək. Bundan başqa, idmansevərlər çempionat çərçivəsində ilk dəfə kişi və qadın taekvandoçulardan ibarət qarışıq heyətlər üzrə komandaların mübarizəsini də izləyə biləcəklər.

Xəbər 726 dəfə oxundu.