“Böyük İpək yolu”nun astanasında
Martın 6-da Bakıda sayca 5-ci dəfə “Böyük İpək yolu” boks turnirinə start veriləcək. İdman.com.az saytının məlumatına görə, ənənəvi yarışda Azərbaycan komandası ilə yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova və Qətər boksçularının iştirakı gözlənilir.

Yığmamız yarışda geniş tərkibli heyətlə mübarizə aparacaq. Belə ki, millimizin 1-ci və 2-ci nömrələri ilə yanaşı, gənclər arasında ölkə birinciliyində fərqlənmiş bəzi boksçular da rinqə çıxacaqlar.

Martın 9-a kimi davam edəcək turnirdə London Olimpiadasına lisenziya qazanmış dəri əlcək ustalarımız da güclərini sınayacaqlar. Apreldə Trabzonda keçiriləcək Olimpiya oyunlarına vəsiqə verən Avropa kvalifikasiya turnirinə yollanacaq heyət məhz “Böyük İpək Yolu” yarışından sonra məlum olacaq. Yarış “Sərhədçi” Olimpiya- İdman Mərkəzində təşkil olunacaq.

Xəbər 1018 dəfə oxundu.