Naxçıvanda istifadəyə verilən yeni stadionlar yeniyetmə və gənclərin futbola marağını artırır
Naxçıvan Muxtar Respublikasında yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançaları xüsusi yer tutur. Müasir standartlara cavab verən bu stadionların həm də kəndlərdə yaradılması yeniyetmə və gənclərin futbola marağını daha da artırır.

Şərur rayonunun Aralıq kəndində tikilən futbol meydançasının uzunluğu 96, eni isə 51 metrdir. 156 tamaşaçı tutumuna malik olan bu stadion təbii ot örtüyünə malikdir. Hazırda bu meydançada 11, 12, 13 və 14 yaşlı uşaqların məşqləri keçirilir. Eyni zamanda, gənclərin də ixtiyarında olan arenada kəndlərarası çempionatlar təşkil edilir.

Rayonun Mahmudkənd stadionu da öz görüntüsü ilə kəndə gözəllik verir. Uzunluğu 106, eni 60 metr olan stadion 104 tamaşaçı tutumuna malikdir və burada gənclərin məşq keçmələri üçün hər cür şərait yaradılıb. Bu stadion kəndlərarası çempionatlara, eyni zamanda, futbol üzrə muxtar respublika çempionatının bəzi oyunlarına ev sahibliyi edir.

Şərur rayonunda istifadəyə verilən stadionlardan biri də Aşağı Yaycı kənd stadionudur. Meydançanın uzunluğu 96, eni isə 52 metrdir. 84 nəfərlik tutuma malik olan stadionun ot örtüyü yenidən salınıb. Bu stadiondan qonşu kəndlərin də idmançıları yararlanırlar.

Rayonda son olaraq idmançıların ixtiyarına verilən stadion Arbatan kəndindədir. Stadion 120 tamaşaçı tutumuna malikdir. Uzunluğu 60, eni isə 40 metr olan meydançada rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulub.

Culfa rayonunda yeni istifadəyə verilən Bənəniyar kənd stadionundan qonşu kəndlərin futbolçuları da yararlanırlar. Futbol meydançası məktəbə yaxın olduğundan şagirdlər də buradan istifadə edirlər. Rayonun futbol komandası məşqlərini və bəzi oyunlarını burada keçirir. Təbii ot örtüyünə malik olan stadionun uzunluğu 90, eni 65 metrdir.

Xəbər 1712 dəfə oxundu.