Güləşçilərimiz qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatında mübarizə aparacaqlar
Dekabrın 10-11-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-Olimpiya çəki dərəcələr üzrə dünya çempionatı keçiriləcək.

Çempionatda ölkəmizin sərbəst, qadın və yunan-Roma pəhləvanları hər növdə 2 idmançı ilə iştirak edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun başçılığı altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşi üzrə pəhləvanlarımız Budapeştdə baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında yarışacaq. Heyətdə Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yer alıblar.

Qadın güləşi yarışlarında baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaqlar.

Yarışda ölkəmizi hakim qismində Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcəklər.

İlk yarış günündə sərbəst güləşdə 61, qadın güləşində 55, yunan-Roma güləşində isə 71 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Dekabrın 11-də isə sərbəst güləşdə 70, qadın güləşində 60, yunan-Roma güləşində isə 80 kiloqram çəkidə idmançılar mübarizə aparacaqlar.

Xəbər 632 dəfə oxundu.