Naxçıvanda dağçılıq, hava və digər ekstremal idman növlərinə həsr olunmuş təlim kursları keçirilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və

Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda gənclər və idman həvəskarları üçün təlim kursları təşkil edilib.

Təlimlərdə əsas məqsəd FAİREX-in təcrübəsini Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyası ətrafında toplaşan ekstremallarla paylaşmaq, həmçinin ekstremal idman növlərinin inkişafı üçün potensialları üzə çıxarmaq, dağçılıq, hava və digər ekstremal idman növlərinə marağın artırılması olub.

FAİREX-in beynəlxalq təlim-tədris kursları keçmiş gənc təlimçiləri Naxçıvan Dövlət Universitetinin və digər təhsil müəssisələrinin tələbələrindən ibarət auditoriyalarda federasiyanın tarixi və fəaliyyətindən, gənclərə yaratdığı imkanlardan, həmçinin havaçılıq, dağçılıq və dırmanma idman növləri haqqında maraqlı təqdimatlarla çıxış ediblər.

Təlimlərin sonuncu günündə Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Əshabı-Kəhf dağına yürüş təşkil olunub, burada iştirakçılara çoxsaylı praktik bilgilərlə yanaşı, düşərgə yerinin seçilməsi, çadırların qurulması, dağçılıq ləvazimatlarından düzgün istifadə və digər zəruri məlumatlar verilib.

FAİREX tərəfindən gələcəkdə də, Naxçıvanla yanaşı respublikamızın digər bölgələrində oxşar tədbirlər vasitəsilə gənclərin hava və dağçılıq idman növlərinə cəlb edilməsi ilə bağlı kütləvi tədbirlərin təşkili davam etdiriləcəkdir.

Xəbər 715 dəfə oxundu.