Sabah ölkə çempionatında oyunlar bərpa olunur
Unibank Premyer Liqamızda 11 günlük fasilə başa çatır. İdman.com.az saytının məlumatına görə, milli komandamızın Dubaydakı təlim-məşq toplanışı ilə əlaqədar mübarizəni dayandıran klublar yenidən çempionat həyəcanını yaşayacaq. Özü də bu, təsnifat mərhələsinin son turu olduğundan, xüsusi diqqət çəkir. Ancaq bununla ilk mərhələyə yekun vurulmayacaq. Çünki hava şəraiti ilə əlaqədar təxirə salınan XIX tur martın 7-ə təxirə salındı və məhz onda ilkin mərhələ yekunlaşacaq.

Son 2 turun oyunları eyni gündə keçirilərək, başlanma saatlarında fərqlər olacaq. Qarşıdakı turun mərkəzi oyununu Bakı derbisi təşkil edəcək. “Bakı” ilə “İnter”in görüşü həmişə olduğu kimi, maraqlı, gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Matçı prinsipiallaşdıran əsas məqam ilk dövrədəki oyunda baş verənlərdir. Belə ki, “İnter” uzatma dəqiqələrində qapısına təyin olunan penaltiyə etiraz əlaməti olaraq, meydanı tərk etdi və nəticədə oyun başa çatdırılmadı. AFFA-nın İntizam Komitəsi buna görə “bankirlər”ə texniki məğlubiyyət verdi. İndi bunun əvəzini çıxmağa çalışacaq “İnter” “Bakı” ilə həmin matçdan sonra uduzmur ki, bu da kuboku nəzərə alsaq, 19 oyun təşkil edir.

Paytaxt klublarının hər ikisinə qələbə çox vacibdir. “Bakı” uduzmazsa, “altılığ”a düşməyini rəsmiləşdirəcək. Ancaq təbii ki, mükafatlar uğrunda oynayan “zolaqlılar” meydana 1 yox, 3 xal qazanmaq üçün çıxacaq. “Bakı” ilə xalları bərabər olaraq, şəxsi oyunda üstələdiyi “Qəbələ”nin 5-ci pilləni ələ keçirmək şansının olmağı da qələbəyə böyük zəmin yaradır. “İnter” isə liderliyi ələ keçirmək üçün qələbə seriyasını davam etdirmək iddiasındadır.

“Şah oyun”un iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran” səfər çıxıb. Çempionluğa əsas iddialı klublar autsayderlərin qonağı olacaq. Son 2 pillədə gedən “Sumqayıt”la “Turan”a Unibank Premyer Liqada yerlərini qorumaq baxımından xal çox lazım olduğundan, matçlara ciddi yanaşacaqlar.

Artıq “altılığ"a çıxmağını rəsmiləşdirən “Qarabağ”ın rəqibi buna nail olmağa çalışacaq. Onun üçün AzAL-dan Ağdamdan qalib dönməlidir. Yalnız bu halda “təyyarəçilər”in şansını saxlayacaq. Təbii ki, bunun üçün “Bakı” ilə “Qəbələ” uduzmalıdır. Sonuncuların “Rəvan”la səfər matçda vəsiqəni rəsmiləşdirməyi real görünür. Debütant rəsmən “altılıq”dan kənarda qalmağı qəbələlilərin işinə yaracaq. Hər halda, “Qəbələ” bu il yüz faizli nəticə göstərən komandalardan biridir və ötən turda “Xəzər Lənkəran” üzərində qələbəsi ilə diqqət mərkəzinə düşdü.

3 mart

14:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
İlk dövrədəki oyun – 1:2

14:00. “Kəpəz” – “Simurq”
Gəncə. Şəhər stadionu.
İlk dövrədəki oyun - 2:4.

14:00. “Turan” – “Neftçi”
Tovuz. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:1.

14:30. “Bakı” – “İnter”
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası.
İlk dövrədəki oyun – 3:0 (texniki qələbə).

14:30. “Qarabağ” – AzAL
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 1:3.

16:30. “Rəvan” – “Qəbələ”
Bakı. “Dalğa Arena” stadionu
İlk dövrədəki oyun – 3:2.

Xəbər 1013 dəfə oxundu.