Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramına qeydiyyat başlayıb
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramı üçün dekabrın 5-də qeydiyyat prosesinə start verib.

Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla keçirilməsinə töhfə vermək istəyən, yaşı 21-dən çox olan hər kəs yaşayış yerindən asılı olmayaraq, marşal proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar Bakıda keçiriləcək Formula-1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı əldə edəcəklər.

Formula-1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təsdiq etdiyi sertifikat təqdim olunacaq. Bu sertifikat marşallara, təkcə Azərbaycanda deyil, Formula-1 üzrə Qran-pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.

BŞH-nin idman əməliyyatları şöbəsinin və BMK-nın rəhbəri Çingiz Mehdiyev marşal proqramına qoşulmaq istəyənləri tezliklə qeydiyyatdan keçməyə çağıraraq deyib: “Biz bu il Bakıda mükəmməl bir yarışa uğurla ev sahibliyi etdik. Marşallarımız öz məsuliyyət və bacarıqları ilə yarışın yüksək səviyyədə təşkilinə böyük töhfə verdilər. Yarışdan sonra bizə minlərlə müraciət daxil oldu və hamı marşal kimi növbəti mövsümü səbirsizliklə gözlədiklərini bildirdi. Biz çoxsaylı müraciətləri nəzərə alaraq, yeni mövsüm üçün marşalların seçim kampaniyasına start verdik. Proqrama qoşulmaq istəyənlər fevralın 1-dək müvafiq sistem (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Xəbər 733 dəfə oxundu.