Azərbaycan kubokunda yubiley nəticələr
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan kuboku yarışlarının 1/8 final mərhələsinə yekun vurulub.

Kubok görüşləri yubiley nəticələrlə yadda qalıb.

Bakının “İnter” klubunun “Qaradağ-Lökbatan”la matçda qazandığı 5:1 hesablı qələbə “bankirlər”in turnirdə 25-ci ev zəfəri olub. Bu uğura 41-ci matçda nail olan paytaxt təmsilçisi öz meydanında keçirdiyi 40 qarşılaşmada 24 dəfə qalib gəlib, 9 oyunda heç-heçəyə razılaşıb, 7 görüşdə isə meydanı məğlub tərk edib. “İnter” futbol komandası bu müddətdə rəqib qapılarından 82 top keçirib, öz qapısından isə 35-ni buraxıb. Görüşdə Rauf Əliyevin vurduğu üçüncü qol doğma meydanda vurulan 80-ci top olub.

Xatırladaq ki, bakılılar Azərbaycan kubokunda evdə ən çox qələbə qazanan 5 komandadan biridir. “Bakı” ilə eyni göstəriciyə malik olan “ İnter” yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Paytaxtın digər təmsilçisi AZAL isə ölkə kubokunda keçirdiyi 21-ci oyunda iki yubiley rəsmiləşdirib. “Rəvan”la paytaxt derbisində 4:0 hesabı ilə qalib gələn “təyyarəçilər” öz meydanında 10-cu dəfə zəfər qazanıb. Belə ki, Bakı komandası bunadək oynanılan 20 matçda doğma meydanı 9 dəfə “üzüağ” tərk edib, 4 qarşılaşmanı heç-heçə ilə başa vurub, 7 oyunda isə uduzub. İndiyə qədər keçirilən görüşlərdə rəqib qapılarını 26 dəfə silkələyib, qapısında 16 top görən AZAL “Rəvan”la görüşdə yubiley qolunu da vurub. David Canelidzenin müəllifi olduğu sonuncu qol komandanın turnirdə vurduğu 30-cu qol kimi tarixə düşüb.

Qazanılan böyük hesablı qələbə sayəsində AZAL Azərbaycan kubokunda evdə 10 və daha çox qələbə qazanan 16-cı komanda olub.

Xəbər 754 dəfə oxundu.