İngiltərə Premyer Liqasının lideri “Çelsi” hesabına daha üç xal yazdırıb
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turunun mərkəzi oyunu keçirilib. Etihad stadionunda “Mançester Siti” klubu “Çelsi” komandasını qəbul edib.

Matçın ilk hissəsi meydan sahiblərinin üstünlüyü ilə keçsə də, tablodakı rəqəmlər yalnız ilk hissəyə əlavə olunmuş dəqiqələrdə dəyişib. “Çelsi” komandasının futbolçusu Qari Kahill avtoqol müəllifi olub.

İkinci hissədə Antonio Kontenin yetirmələri oyunda dönüş yarada biliblər. Dieqo Kosta 60-cı dəqiqədə hesaba tarazlıq gətirib. On dəqiqə sonra Villian “Çelsi”ni önə çıxarıb. Matçın 90-cı dəqiqəsində isə belçikalı futbolçu Edin Hazard komandasının üstünlüyünü bir qədər də möhkəmləndirib. Beləliklə, Xosep Qvardiolanın komandası meydanı məğlubiyyətlə tərk edib - 1:3.

Aktivindəki xalların sayını 34-ə çatdıran “Çelsi” turnir cədvəlində liderliyini davam etdirir. “Mançester Siti” isə 30 xalla üçüncü sırada yer alır.

Xəbər 767 dəfə oxundu.