Bugün İspaniya Premyer Liqasının 14-cü turunun oyunları çərçivəsində mərkəzi görüş baş tutacaq
Dekabrın 3-də futbol üzrə İspaniya Premyer Liqasının 14-cü turunun oyunları çərçivəsində mərkəzi görüş baş tutacaq.

Futbolsevərlərin diqqəti Bakı vaxtı ilə saat 19:15-də Nou Kampda keçiriləcək “Barselona”-“Real Madrid” oyununa yönələcək.

Messi-Ronaldo qarşılaşması kimi tanınan dünyanın bir nömrəli derbisinin tarixi 1902-ci il fevralın 17-dən başlayır. İlk qarşılaşmanı rəqib meydanında Madrid təmsilçisi 2:1 hesablı qələbə ilə başa vurub.

Bu oyun dünya nəhənglərinin ümumilikdə 265-ci, rəsmi oyunlarda 232-ci, İspaniya çempionatında isə 173-cü qarşılaşması olacaq.

Tərəflər arasında bu günə qədər keçirilən 264 oyunda “katalonlar” 109 dəfə sevinən tərəf olublar. Doxsan yeddi matçda “kral” klubu meydanı üç xalla tərk edib. Əlli səkkiz qarşılaşmada isə qalib müəyyənləşməyib. Primerada baş tutan 172 matçın 68-ni “Barselona”, 72-ni “Real” qazanıbsa, 32 oyun sülhlə yekunlaşıb. Ümumi top fərqi 459-432 Kataloniya təmsilçisinin xeyrinədir. La Liqada isə paytaxt klubu top fərqinə görə üstünlüyə malikdir - 280-273.

Xatırladaq ki, 13 turdan sonra turnir cədvəlinə “Real Madrid” komandası 33 xalla liderlik edir. Rəqibindən altı xal geri qalan “Barselona” isə 27 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər 856 dəfə oxundu.