İlin ən yaxşı kişi və qadın baş məşqçisi nominantlarının adı açıqlanıb
FİFA 2016-cı ilin ən yaxşı kişi və qadın baş məşqçisi nominantlarının adını açıqlayıb.

Mükafat uğrunda üç futbol mütəxəssisi mübarizə aparacaq.

Kişi namizədlərdən ikisi klub, biri yığma komanda çalışdırıcısıdır. Üçlükdə “Real Madrid”in baş məşqçisi Zinəddin Zidan, “Lester”in çalışdırıcısı Klaudio Ranyeri və Portuqaliya millisinin sükanı arxasında olan Fernandu Santuş yer alıblar.

Qadın məşqçilər arasında isə iddiaçıların hər üçü yığma komanda təmsilçisidir. Onlar ABŞ yığmasının baş məşqçisi Jill Ellis, İsveç millisinin çalışdırıcısı Pia Sandhaus və Almaniya yığmasının sabiq rəhbəri Silviya Neyddir.

Xatırladaq ki, səsvermədə milli komanda baş məşqçiləri və kapitanları ilə yanaşı, media nümayəndələri və futbol azarkeşləri də iştirak edir. Nominasiyanın qalibi gələn il yanvarın 9-da Sürixdə elan olunacaq.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki isə ən yaxşı kişi baş məşqçi kimi Portuqaliya yığmasına rəhbərlik edən F.Santuşa səs verib.

Xəbər 654 dəfə oxundu.