Metropolitenin komandası respublika spartakiadasının qalibidir
«Zenit» İdman Cəmiyyətinin kuboku yarışların qalibinə təqdim olundu

"Zenit" İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların əməkdaşları arasında "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi altında keçirilən respublika spartakiadası başa çatıb. Cəmiyyətin Respublika Şurası tərəfindən keçirilən sayca 19-cu idman bayramı, ötən illərdəki kimi, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuşdu.

Bu idman tədbirində həmişə fəal iştirak etmiş metropolitençilər son 3 ildə yarışların ümumi komanda hesabında iki dəfə qalib gəlib və bir dəfə ikinci yeri tutublar. Budəfəki spartakiadanın nəticələri də metropolitençilər üçün sevindirici olub. Onlar yarış proqramına daxil 10 idman növünün hamısında iştirak etməklə, ümumi nəticədə, birinci yerə layiq görülərək spartakiadanın kubokunun sahibi olublar.

«Bakı Metropoliteni» QSC-də kubokun təqdim olunması və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çixış edən Metropolien İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov qeyd edib ki, yarışlara cəlb olunan 49 işçidən 44-ü mükafata layiq yer tutub. Bu onu göstərir ki, bədən tərbiyəsi və idmana metropolitendə böyük önəm verilir. Metropoliten nümunəvi idman infrastrukturuna, sağlamlıq obyektlərinə malikdir. «Nərimanov» elektrik deposunda mini-futbol, voleybol, tennis meydançası, sağlamlıq mərkəzi fəaliyyət göstərir. «Bilgəh» istirahət zonasında mini-futbol, voleybol, çimərlik voleybolu, basketbol meydançaları, açıq havada iri fiqurlu şahmat lövhəsi istirahətə gələnlərin ixtiyarına verilib.

Spartakiadanın nəticələrinə gəldikdə, metropolitenin futbol komandası bütün rəqiblərindən üstün nəticə göstərib. Eyni uğura tennisçilər, nərd və qol güləşi ustaları, damaçılar nail olublar. Voleybol komandası, kəndirdartanlar və daşqaldıranlar ikinci yeri tutublar. Şahmatçılar isə yarışları üçüncü yerdə başa vurublar.

Metropolitençilərin bu idman bayramlarına böyük həvəs göstərib, daim əzmkarlıq nümayiş etdirməsinə görə təşəkkürünü bildirərək qələbə münasibətilə təbrik edən «Zenit» İdman Cəmiyyətinin sədri Fazil Hadıbəyov spartakiadanın kubokunu təntənəli surətdə MİHİ-nin sədri Arif Mərdanova təqdim etdi.

Təbdirdə yarışlarda fərqlənmiş idmançılara mükafatlar təqdim olundu.

Xəbər 806 dəfə oxundu.