Yeni zelandiyalı gimnastlar Bakıda keçiriləcək “АGF Trophy” yarışlarına hazırlaşırlar
Bakıda gimnastika məşqləri üçün əla şərait yaradılıb.

Bu sözləri Yeni Zelandiyanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Marni Strener deyib.

Onun sözlərinə görə, burada məşqlər üçün kifayət qədər gimnastika xalçaları var. Bütövlükdə məşqlər üçün əla şərait yaradılıb.

Məşqçi və onun gimnastları gələn il aprelin 28-dən 30-dək Azərbaycan paytaxtında keçiriləcək bədii gimnastika üzrə “АGF Trophy” yarışlarında iştirak etməyi planlaşdırır.

Məşqçinin sözlərinə görə bu, Bakıya onun ikinci səfəridir. Birinci səfərdən keçən müddətdə şəhərimizdə yaxşılığa doğru böyük dəyişikliklər baş verib.

Bu turnirdən sonra, mayın 12-dən 22-dək Azərbaycanda IV İslam Həmrəylik Oyunları çərçivəsində gimnastikanın üç növü (kişilər arasında idman gimnastikası, qadınlar arasında idman gimnastikası və bədii gimnastika) üzrə yarışlar keçiriləcək. Həmin yarışlarda medallar uğrunda islam ölkələrinin idmançıları mübarizə aparacaqlar.

Azərbaycan Gimnastika Federasiyası gələn ilin ilk beş ayı ərzində gimnastika üzrə yeddi beynəlxalq tədbirə ev sahibliyi edəcək.

2017-2020-ci illərin olimpiya dövrəsində yanvarın 17-dən 21-dək Bakıda ilk dəfə Bədii gimnastika üzrə Qitələrarası hakimlik kursları keçiriləcək. Bu kursların yekunlarına əsasən müdavimlərə ən yüksək kateqoriyalar verilir. Yanvarın 26-dan 30-dək Bakıda Bədii gimnastika üzrə Beynəlxalq hakimlik kursları (bu dəfə ingilis dilində) təşkil ediləcək. Fevralın 6-dan 9-dək yerli və əcnəbi hakimlər kişilər arasında idman gimnastikası üzrə Beynəlxalq hakimlik kurslarında öz kateqoriyalarını təsdiqlətmək və ya artırmaq imkanından istifadə edə biləcəklər. Xatırladaq ki, gimnastikanın bu növü üzrə Azərbaycanda bundan əvvəlki kurslar 2007-ci ildə keçirilib.

Hakimlik kurslarından dərhal sonra bakılı tamaşaçılar 2016-cı ildə olduğu kimi, bu dəfə də gimnastikanın üç növü üzrə dünya kuboku yarışlarına tamaşa edə biləcəklər. Fevralın 18-də və 19-da batut üzərində tullanma, martın 16-dan 19-dək idman gimnastikası, aprelin 28-dən 30-dək bədii gimnastika üzrə yarışlarda məşhur idmançılar iştirak edəcəklər.

Yuxarıda adları çəkilən tədbirlərdən əlavə, gələn il mayın 6-7-də Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvləri ilk dəfə Bakıda toplaşacaqlar. Beləliklə, növbəti olimpiya dövrəsinə aid ilk mühüm qərarlar Bakıda keçirilən iclasda qəbul ediləcək.

Xəbər 825 dəfə oxundu.