Rusiya Olimpiadanın təşkilatçılığından imtina edib

Rusiya 2018-ci ildə keçiriləcək Gənclər Olimpiadasına Dağıstanın ev sahibliyi etməsi planından vaz keçib. Rusiya hökuməti futbol üzrə Dünya Çempionatı keçiriləcək 2018-ci ildə bu ölkədə daha bir irimiqyaslı idman tədbiri keçirilməsini məqsədəuyğun hesab etməib.

2018-ci ildə keçiriləcək Gənclər Olimpiadasına ev sahibliyi etmək üçün sifarişlər qəbulu martın 1-də başa çatıb. Dağıstanın bu məqsədlə sifariş verməsi üçün bütün sənədlər hələ ilin əvvəlində hazırlanmışdı.

Lakin Rusiya KİV-ləri hökumət mənbəyinə istinadla xəbər verirlər ki, Ağ Evdə Olimpiya Komitəsi ilə birlikdə uzun-uzadı müzakirələrdən sonra Olimpiadaya ev sahibliyi etmək hüququ uğrunda səsvermədə iştirak etmək üçün sənədləri təqdim etməmək qərara alınıb.

Bu planın əleyhinə çıxış edən İdman və Turizm Nazirliyi öz mövqeyini onunla izah edib ki, həmin il futbol üzrə dünya çempionatı keçiriləcək.

İlkin plana görə Rusiya bu tədbirin keçiriləcəyi şəhər kimi Mahaçqalanı və ya Dərbəndi təqdim etməli idi. “Nafta-Moskva” şirkətinin sahibi olan biznesmen Süleyman Kərimov Gənclər arasında Olimpiya Oyunları üçün infrastruktur obyektləri tikintisinə sərmayə qoymağa hazır idi. S.Kərimov respublika iqtisadiyyatına bir milyard ABŞ dolları sərmayə qoymağı, bu məbləğin 450 milyon dollarını Mahaçqalada çoxfunksiyalı stadionun tikintisinə yönəltməyi planlaşdırırdı. İkinci özəl investor isə “Summa” qrupunun sahibi Ziyavudin Maqomedov olmalı idi.

Hökumət sifariş vermək fikrindən vaz keçdiyinə baxmayaraq, sərmayədarların planları ləğv edilmir. “Şimali Qafqaz Kurortları” Açıq Səhmdar Cəmiyyətinin baş direktorunun müavini Rostislav Murzaqulov bu məsələyə aydınlıq gətirərək deyib: “Tikintisi planlaşdırılan bütün obyektlər turizm klasterinin tikintisi çərçivəsində və elə həmin sərmayədarların hesabına istifadəyə veriləcək. Şimali Qafqazın kurort kimi inkişaf etdirilməsi üçün 2018-ci ildə Olimpiya Oyunlarının burada keçirilməsi bəlkə də bizim xeyrimizə olardı, lakin dövlət siyasəti baxımından bu, əlbəttə, düzgün qərardır”.

AzərTAc

Xəbər 1050 dəfə oxundu.