Təyyarədə qəzaya düşən braziliyalı futbolçulardan ikisi Azərbaycanda çıxış edib
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şapekoense” klubunun futbolçularından ikisi vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib.

Bunlar Filip Joze Maçado və Villiam Tieqo de Xesusdur.

Maçado 2010/2011-ci il mövsümündə Bakının “İnter” klubunun formasını geyinib. Otuz iki yaşlı müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyun keçirib.

Otuz yaşlı müdafiəçi Villiam Tieqo de Xesus isə “Xəzər-Lənkəran”ın şərəfini qoruyub. 2014-cü ilin yanvarında onunla 1,5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

“360 Radio Colombia” qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.

Xəbər 850 dəfə oxundu.