Avropa çempionatına gedənlərə xəbərdarlıq

Dünya Səhiyyə Təşkilatı (DST) iyunun 8-dən iyulun 1-dək Ukrayna və Polşada keçiriləcək futbol üzrə 14-cü Avropa çempionatına getməyə hazırlaşanlara bir sıra tövsiyələr verib. Məsələn, həkimlər oyunçulara, azarkeşlərə və sadəcə futbolsevərlərə səfərdən əvvəl onlara, ilk növbədə, qızılca və məxmərəyə qarşı peyvəndlərin vurulub-vurulmamasını yoxlamağı tövsiyə edirlər.

Bundan əlavə, DST tibbi sığortanın Ukrayna və Polşa xəstəxanalarında müalicənin xərclərini ödəyəcəyini dəqiqləşdirməyə çağırır. Həkimlər diareya zamanı çoxlu təhlükəsiz təmiz su içməyi də məsləhət görürlər. İshal 3 gündən artıq davam edərsə, tibbi yardım üçün müraciət etmək lazımdır.

DST cinsi yolla keçən infeksiyalardan qorunmağın vacibliyini xatırladır. Eyni zamanda, Ukrayna və Polşada narkotiklərin saxlanması və yayılmasının qanunla qadağan edildiyi nəzərə çatdırılır.

Həkimlər Ukraynada və Polşada yay fəslinin isti keçməsini nəzərə alaraq, günəşdən qorunmaq üçün də tədbirlər görməyi təklif edirlər.
DST Polşa və Ukraynada bütün stadionlarda siqaret çəkməyin və tütün məmulatlarının satışının da qadağan olunduğunu xatırladır.

AzərTAc

Xəbər 870 dəfə oxundu.