Ekstremal idman oyunları üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş hüquq-mühafizə orqanlarının idmançıları arasında ekstremal idman oyunları üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Fövqəladə Hallar nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın açılış mərasimində çıxış edən təşkilatçı orqanların nümayəndələri birinciliyin keçirilməsi qaydaları barədə idmançılara ətraflı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının təlim bazasında keçirilən birinciliyin reqlamentinə əsasən yarış 3 yaş (18-22, 23-27, 28-32) qrupu üzrə təşkil edilib. İdmançılar ekstremal idman yarışında maneələr zolağının dəf edilməsi, yüksəkliyə qalxma, quyudan zərərçəkmişin çıxarılması, əl və ayaqların köməyi ilə üfüqi kəndirdən keçmə, komandalar arasında kəndir dartma və fiqurlu nərdivanda çalışma növlərində qüvvələrini sınayıblar.

Birinciliyin yekun nəticəsinə əsasən, Daxili Qoşunların komandası qalib adını qazanıb. Digər iki pillədə isə Əlahiddə Ümumqoşun Ordusunun və Fövqəladə Hallar Nazirliyinin komandaları qərarlaşıblar.

Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələr təqdim olunub.

Xəbər 784 dəfə oxundu.