Mingəçevirdə keçirilən yarışlarda balaca gimnastların çıxışına yekun vurulub
Balaca gimnastların yarışlarına yekun vurulub.

Ölkə birinciliyində fərdi çoxnövçülük üzrə yarışlarda 2008-ci il təvəllüdlü gimnastların mübarizəsində Nərminə Bayramova qızıl medal qazanıb. 2007-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Məmmədzadə fərqlənib. Təvəllüdü 2006-cı il olan atletlərin mübarizəsində Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bölgələrarası kubok yarışlarında isə 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion adını qazanıb. 2007-ci il təvəllüdlülər arasında Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastlar arasında isə Leyli Ağazadə qızıl medala sahib olublar.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları davam edir.

Yarışın ikinci günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edir. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edirlər.

İlk olaraq xalça üzərinə 2006-2008-ci il təvəllüdlü balaca gimnastlar çıxıblar. Onlar alətsiz, ip və halqa ilə fərdi proqram üzrə çıxış edirlər.

Turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan gəlmiş idmançılar da çıxış edirlər.

Xəbər 658 dəfə oxundu.