Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun 19 sentyabr–01 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti 2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 noyabr 2016-cı il. |
|
Xəbər 1901 dəfə oxundu. |
|
|