İqor Yuzefoviç: Azərbaycan taekvondoçuları “Tokio-2020”də ilk beşlikdə yer alacaqlar
“Rioda keçirilən Yay Olimpiya Oyunlarının taekvondo yarışlarının medal sıralamasında ilk beşlikdə Avropanın iki ölkəsi yer alıb. Bunlar Azərbaycan və Böyük Britaniya Olimpiya yığmalarıdır.

Bunu Avropa Taekvondo İttifaqının (ETU) vitse-prezidenti İqor Yuzefoviç deyib.

Eyni zamanda Moldova Taekvondo Federasiyasının prezidenti olan İqor Yuzefoviç Rusiyanın “Sport Ekspress” idman portalına müsahibəsində bildirib ki, taekvondo Avropada böyük populyarlıq qazanıb.

İqor Yuzefoviç deyib: “Avropalıların nəticəsinin yaxşılaşmasında başlıca səbəb taekvondonun qitədəki inkişaf və populyarlığının yüksək səviyyəyə çatmasıdır. Məsələn, Böyük Britaniyada Mançester Taekvondo Akademiyası var ki, bu da ölkədə idman bu növünün inkişafına və Olimpiya komandasının formalaşmasına böyük töhfə verir. Demək olar ki, son iki Olimpiya Oyunlarında medal qazanan bütün britaniyalılar bu akademiyanın yetirmələridir. Azərbaycan da eyni yolla gedir. Onların da güclü taekvondo akademiyası var. Bu akademiyanın fəaliyyətinin və idmançı yetişdirməsinin nəticəsini Rioda gördük”.

Avropanın ən güclü taekvondo ölkələrinin adlarını açıqlayan İqor Yuzefoviçin qənaətinə görə, “Tokio-2020”də ilk beşlikdə Azərbaycan da olacaq. “Avropa taekvondosunun böyük beşliyi həmişə bu ölkələrdən ibarət olacaq - Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Azərbaycan. Bura Fransanı da əlavə etmək olar. “Tokio-2020”də Avropanı uğurla təmsil edəcək ölkələr də bunlar olacaqlar”, – deyə İqor Yuzefoviç əlavə edib.

Qeyd edək ki, taekvondoçularımız “Rio-2016”da bir qızıl və iki bürünc medal qazanıblar.

Xəbər 683 dəfə oxundu.