Kolumbiyanın qızlardan ibarət uşaq voleybol komandası ölkəmizdədir
Kolumbiya ilə bədən tərbiyəsi və idman sahəsində mübadilə çərçivəsində ölkəmizdə səfərdə olan qızlardan ibarət uşaq voleybol komandası bu gün gənclər və idman nazirliyində olub.

Görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin Aparat rəhbəri Rüfət Həsənov, İdman şöbəsinin müdiri Fərid Mansurov və digər rəsmilər iştirak edirdilər.

Kolumbiya tərəfdən Missiya rəhbəri, Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Dra.Marta Galindo, Kolumbiya Xarici İşlər Nazirliyinin Mədəniyyət İdarəsinin əməkdaşı xanım Andre Alfonso və digərləri təmsil olunurdu.

Qonaqları salamlayan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illərdə idman sahəsində ölkəmizdə görülən işlər, imzalanan Dövlət qanunları, həyata keçirilən beynəlxalq səviyyəli idman yarışları və s haqda məlumat verdi. Nazir müavini voleybol idman növünün ölkəmizdə çox böyük maraq mərkəzində olduğunu, federasiya və nazirlik tərəfindən bu idman növünün inkişafı istiqamətində sıx əməkdaşlıq aparıldığını diqqətə çatdırdı.

İsmayıl İsmayılov: “Voleybolçu xanımların 26 noyabr tarixinədək ölkəmizdəki səfəri çərçivəsində İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar sarayı kimi tarixi məkanları görmələri, Naxçıvan MR, Gəncə , Qəbələ, Qax, Şəki şəhərlərini və ölkəmizin digər tarixi məkanlarını ziyarət etmələri qonaqların Azərbaycanı ən xoş xatirələrlə yaddaşlarına həkk etmələrinə səbəb olacaq.”

Missiya rəhbəri, Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Dra.Marta Galindo öz növbəsində Azərbaycandakı qonaqpərvərliyə görə Azərbaycan hökumətinə öz dərin təşkkürünü bildirdi və qeyd etdi və bildirdi ki, Kolumbiyanın qızlardan ibarət uşaq voleybol komandasının regionlarda yoldaşlıq görüşləri keçirmələri ölkələr arasında sıx münasibətlərin qurulmasına, eyni zamanda bu idman növünün inkişafına müsbət təsir göstərəcək.

Xəbər 1198 dəfə oxundu.