Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
Noyabrın 11-də futbol üzrə dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində Azərbaycan millisi səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Belfastdakı “Uindzor Park” stadionunda keçirilən oyunda Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Əfran İsmayılov, Ruslan Qurbanov və Ramil Şeydayev yer alıblar.

Fransalı baş hakim Kleman Turpenin idarə etdiyi matçda Şimali İrlandiyanın ilk onbirliyində meydana Maykl Makhoverenn, Konor Maklaflin, Şeyn Ferqyuson, Qaret Makauli, Conni Evans, Stiven Devis, Kris Brant, Korri Evans, Oliver Norvud, Coş Macennis və Kayl Lafferti çıxıblar.

Görüşə Azərbaycan millisi fəal başlasa da, matçın 27-ci dəqiqəsində Şimali İrlandiya yığmasının futbolçusu Kayl Lafferti hesabı açıb. On üç dəqiqə sonra Qaret Makauli ikinci topu millimizin qapısından keçirib. Oyunun ilk hissəsi Şimali İrlandiya millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə inamlı oyun nümayiş etdirən rəqib 67-ci dəqiqədə Konor Maklaflinin qolu ilə hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində Kris Brant komandasının qələbəsini rəsmiləşdirib.

Beləliklə, görüş Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb və millimizin cari mövsümdəki məğlubiyyətsizlik seriyası qırılıb.

Millimizin yer aldığı qrupun digər oyunlarında Almaniya millisi San-Marinonu 8:0, Çexiya yığması isə Norveçi 2:1 hesabı ilə məğlub edib.

Seçmə mərhələnin dördüncü turundan sonra Azərbaycan milli komandası 7 xalla qrupda üçüncü sırada qərarlaşıb. Hər dörd oyunu qələbə ilə başa vuran Almaniya maksimum nəticə ilə qrupda liderlik edir. Şimali İrlandiya yığması 7 xalla ikinci, Çexiya isə 5 xalla dördüncüdür. Üç xala sahib Norveç millisi isə beşinci sıradadır. Qrupda sonuncu pillədə isə hər dörd oyunda məğlub olan San-Marino millisi qərarlaşıb.

Xəbər 755 dəfə oxundu.