Azərbaycanın “SmartScoring” şirkəti Avropa Gimnastika İttifaqının tərəfdaşı olub
Noyabrın 9-da Milli Gimnastika Arenasında Azərbaycanın “SmartScoring” şirkəti və Avropa Gimnastika İttifaqı (UEG) arasında tərəfdaşlığa dair sazişin imzalanma mərasimi keçirilib.

Sazişi UEG-in prezidenti Corc Gelzek və “SmartScoring” şirkətinin icraçı direktoru Emin Muxtarov imzalayıblar.

Tədbirdə UEG-in prezidenti Corc Gelzek ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və Azərbaycan gimnastlarının beynəlxalq arenadakı uğurlarından danışıb.

Yeni əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirən C. Gelzek deyib: “2017-ci ildən etibarən “SmartScoring” şirkəti irimiqyaslı yarışlarda, o cümlədən Avropa çempionatlarında xalların hesablanmasında bizə kömək göstərəcək. Bir neçə gün əvvəl UEG-in gimnastikanın 6 növü üzrə texniki komitələrinin rəhbərləri Azərbaycana gəlib və burada keçirilən yerli yarışı izləyiblər. Həmin yarışlarda “SmartScoring” xalları hesablayıb və bizim nümayəndələr də şirkətin fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycan şirkəti haqqında daha öncədən məlumatlı idik. Ancaq bu gün biz saziş imzalayaraq tərəfdaşa çevrilirik”.

Ölkəmizdə gimnastikanın inkişafının onları çox sevindirdiyini deyən Corc Gelzek bildirib: “Bu inkişaf digər ölkələrə də nümunə göstərilə bilər. Bu inkişafa təkcə güclü idmançıların yetişdirilməsi daxil deyil. Buraya, həmçinin tədbirin təşkil olunduğu möhtəşəm Milli Gimnastika Arenasının inşası, yarışların keçirilməsində yüksək təşkilatçılıq qabiliyyəti, həmçinin idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsi və idmanın bu növündə kütləviliyə nail olunması daxildir. Azərbaycanda gimnastikanın inkişafı, sözün əsl mənasında, fantastik səviyyədədir.

Daha sonra “SmartScoring”in icraçı direktoru Emin Muxtarov şirkət barədə məlumat verib.

O qeyd edib ki, şirkət yarışlar zamanı xalların hesablamasından başqa, hakimlik, xronometraj və akkreditasiya üzrə sistemin işlənib hazırlanması və icrasını təmin edəcək. Şirkətin xidmətlərinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan videonəzarət sistemi də daxildir.

“Hər bir idmançı ən nüfuzlu beynəlxalq yarışlarda öz ölkəsinin bayrağını yüksəklərə qaldırmağı arzulayır. Öz növbəsində bizim komanda da rəqəmlərin dəqiqliyi, sistemin qüsursuz etibarlılığı və nəticələrin səlisliyində öndə olmağa çalışır”, - deyə Emin Muxtarov diqqətə çatdırıb.

Qeyd edək ki, “SmartScoring” şirkəti cari ildə Bakıda təşkil olunan gimnastika üzrə 3 dünya kuboku və 42-ci Dünya Şahmat Olimpiadasında yaxından iştirak edib. Həmçinin gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunlarında da gimnastika üzrə yarışların tərəfdaşı olacaq.

Xəbər 706 dəfə oxundu.