Yaşar Bəşirov: Karate gec-tez olimpiya proqramına salınacaq
Dünyada qədim ənənələri ilə seçilən karate Azərbaycanda da çox populyardır. Ölkəmizdə ənənəvi karate Milli Karate Federasiyasının (MKE)yaradılmasından sonra (1994-cü il) sürətlə inkişaf etməyə başlayıb. Ötən müddət ərzində bu idman növü üzrə təmsilçilərimiz dünya arenalarında böyük nailiyyətlər əldə ediblər. Bu il karateçilərimiz üçün uğurla başlayıb. Ölkəmizdə ilk mötəbər idman yarışlarından biri məhz karate üzrə keçirilib. MKE prezidenti, dünya kubokunun 2-qat qalibi, dünya və Avropa çempionu, əməkdar məşqçi, 8-ci dan qara kəmər ustası Yaşar Bəşirovla söhbətimizə də bununla başladıq.

- Yaşar müəllim, Azərbaycanda karate üzrə qitə çempionatının təşkili ölkəmizdə bu idman növünün inkişafına diqqətin nəticəsi kimi qiymətləndirilə bilər.

- Elədir. Son illər dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycanda müxtəlif idman növləri üzrə bir-birinin ardınca çoxlu mötəbər turnirlər keçirilir. Bu ayın əvvəlində yeniyetmə və gənclər arasında 39-cu Avropa çempionatını keçirmək hüququnun ölkəmizə verilməsi həm də Azərbaycan karatesinin tanınmasına sübutdur. Avropa çempionatı olmasına baxmayaraq, dünyanın başqa qitələrindən də məşhur karate ustaları yarışı izləmək üçün Bakıya gəlmişdilər.
Əlbəttə, əldə etdiyimiz nəticələr dövlətin bu sahəyə diqqət və qayğısının bəhrəsidir. Bu diqqətə cavab olaraq, karatenin ölkəmizdə daha da inkişaf etməsi və geniş yayılması üçün federasiya tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

- Federasiyanın tarixi barədə bir qədər məlumat verərdiniz.

- Azərbaycan Milli Karate Federasiyası 1994-cü ildə yaradılıb. 1997-ci ildən o, dünyada ən böyük karate təşkilatı sayılan, 180-dan çox ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in üzvüdür.
Hazırda karate üzrə Azərbaycan yığma komandası Avropa və dünyada ən güclü komandalardan biri hesab olunur. Komandamız sonuncu dünya çempionatında yarışların favoriti idi. Yarış Serbiyada keçirildiyindən, qeyri-obyektiv səbəblər üzündən, yerli idmançılar birinci yeri tutdular. Komandamız ikinci pillədə qərarlaşdı. Bu, çox böyük nəticədir. Karate ustalarımız Yaponiya, Çin, Amerika, Rusiya kimi karatenin inkişaf etdiyi dövlətlərin təmsilçilərini üstələdilər. Milli komandamızın tərkibində dəfələrlə dünya və Avropa çempionu Rəfael Ağayev, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Ceyhun Ağasiyev, Niyazi Əliyev, Pərviz Abdulkərimov, Rüstəm Mədədov, İsrafil Şirinov, Avropa çempionatının bürünc mükafatçıları Amal Atayev, Yusif Cəfərov və Rəşad Hüseynov kimi adlı-sanlı karate ustalarımız var.

- Qeyri-olimpiya idman növləri arasında karate ən populyarı sayılır. Bunun səbəbi nədədir?

- Karate təkcə paytaxtda yox, ölkəmizin regionlarında da geniş yayılıb. Bu, bir tərəfdən Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması ilə izah edilə bilər. Son illər müasir tipli olimpiya idman komplekslərinin, zalların inşası karatenin inkişafına da təkan verib. Paytaxtda olduğu kimi, regionlarda da uşaq, yeniyetmə və gənclər karate ilə yaxşı şəraiti olan arenalarda məşğul olurlar. Digər tərəfdən, Şərq əlbəyaxa döyüş növünə aid olan karate yeniyetmə və gənclərimizin ruhuna uyğundur, onlar özləri bu idman növü ilə məşğul olmağa can atırlar.

- Döyüş növləri ilə məşğul olan yeniyetmələr çox zaman ciddi zədə alırlar. Bu karatenin, inkişafına mənfi təsir edən amil ola bilərmi?

- Əslində cüdo, boks, güləş və digər olimpiya idman növlərindən fərqli olaraq, karatedə zədələr nadir hallarda olur. Budəfəki Avropa çempionatında 700-dən artıq karateçi mübarizə aparırdı və heç bir ciddi zədə qeydə alınmadı. Məlumdur ki, olimpiya idman növləri ilə məşğul olan uşaq və yeniyetmələrin perspektivləri daha böyükdür. Yəni, olimpiya oyunlarında iştirak edərkən, bu idmançıların əldə etdikləri nailiyyətlər onlara böyük şöhrət gətirir. Amma, idmana gələn uşaqların heç də hamısı böyük idmanla məşğul ola bilmir. Ölkəmizdə idmanın kütləviləşməsi ön plana çəkilib və bunun böyük əhəmiyyəti var. Uşaq və yeniyetmələrimizin kütləvi şəkildə idmanla məşğul olması onların sağlamlığı üçün geniş imkanlar açır. Karatenin coğrafiyasının çox geniş olması onun kütləvi idman növü olmasını sübut edir.

- Karatenin özəlliyi barədə nə deyə bilərsiniz?

- Karate ilə bu növün orqanizmin sağlamlığı üçün faydalı olduğunu bilənlər məşğul olurlar. Amma bunu hamı başa düşsə, zalda yer olmaz. Yeniyetmə və gənclərin, yalnız fiziki yox, həm də əqli cəhətdən inkişafı üçün idman karatesi çox faydalıdır. İdman karatesində döyüş zamanı komanda vermək üçün bu hərəkəti dərk etmək lazımdır. Müəyyən fərdi hərəkətlər, zərbələr, bloklar onu yerinə yetirəndən xüsusi ustalıq tələb edir. Hərəkətlər zamanı həm qollar, həm də ayaqlar eyni zamanda və fəal işləməlidir. Bu hərəkətlərlə bağlı güclü koordinasiya var. Ümumiyyətlə, karate ilə məşğul olan yeniyetmə və gənclərdə özünə inam hissi güclü olur, onlar hər bir şəraitdə özlərini müdafiə edə bilirlər.

- WKF versiyası üzrə idman karatesi olimpiya oyunlarının proqramına daxil edilməyə real namizəddir.

- WKF rəhbərliyi bu məsələnin həlli üçün genişmiqyaslı iş aparır. Karatenin olimpiya idman növləri siyahısına daxil edilməsi labüddür. Beynəlxalq Olimpiya Komitəsi karateni idman növü kimi tam bəyəndiyini, Ümumdünya Karate Federasiyası isə olimpiya idman növlərinə irəli sürülən bütün vacib tələblərə cavab verən bir təşkilatın nümayəndəsi kimi, qəbul etdiyini bildirir. WKF-in prezidentii Antonio Espinos karatenin gec-tez olimpiya proqramına daxil edilməsinə əminliyini bildirib.

Söhbətləşdi: Leyla Qurbanova

Xəbər 5051 dəfə oxundu.