Karateçilərimizin dünya çempionatındakı çıxışı yüksək qiymətləndirilib
Azərbaycan karateçiləri Avstriyanın Lints şəhərində yekunlaşan dünya çempionatından uğurlu nəticə ilə Vətənə qayıdıblar.

Bununla bağlı noyabrın 1-də Gənclər və İdman Nazirliyində mətbuat konfransı təşkil olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və mundialın mükafatçıları yer alıblar.

Nazir müavini ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, karateçilərimizin qazandığı nailiyyəti yüksək qiymətləndirib, idmanın bu növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsini uğurlu addım kimi dəyərləndirib.

Qeyd olunub ki, idmançılarımız 118 ölkədən 1025 iştirakçının qatıldığı karate üzrə 24-cü dünya çempionatını beşinci, Avropa ölkələri arasında isə ikinci yerdə başa vurublar. Rafael Ağayevin (75 kq) beşqat dünya çempionluğu, Ayxan Mamayevin (84 kq) gümüş, Firdovsi Fərzəliyevin (60 kq) isə bürünc mükafat qazanması, medala sahib olan 26 ölkə arasında komandamıza yüksək nəticə qazandırıb. Komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan Azərbaycan millisi təəssüf ki, hakim haqsızlığı üzündən 4-cü yerlə kifayətlənib. Yarışın təntənəli bağlanış mərasimində çıxış edən Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espino şəxsən Rafael Ağayevə və dünyanın daha beş ən titullu karateçisinə “Karatenin ən yaxşılar”ı üçün ayrılan hədiyyələr təqdim edib.

Xəbər 764 dəfə oxundu.