Rəşad Sadıqov: «Belə qələbələr reytinqdə irəliləməyimizə kömək olacaq» – MÜSAHİBƏ
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Hindistanla yoldaşlıq matçındaoyununda ən fəallardandı. Arxa xətdə soyuqqanlı olan müdafiəçi sonadək rəqib hücumunu dəf etdi. Seçmə komandanın ümumi oyunundan razı qalan təcrübəli futbolçu, belə qələbələrin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi:

Yaxşı hücumlar qurub, 3 cavabsız qol vurduq. Həm oyun, həm də hesab bizim üçün yaxşı alındı.

- Komandamız Sinqapurla oyunla (2:2) müqayisədə bu gün daha yaxşı oynadı, yoxsa...?

- Millimiz bu gün daha hərəkətli idi. Bu dəfə futbolçular daha çox çalışdılar. Ən əsası, ilk görüşdəki səhvləri təkrarlamadıq və sonda inamlı qələbə qazandıq.

- Sizinlə yanaşı, müdafiə xəttində gənc futbolçu – Hacı Əhmədov yer almışdı...

- Şəxsən Əzizin oyunu mənim çox xoşuma gəldi. Millidə debüt etsə də, özünü yaxşı tərəfdən göstərdi. Heç kimdən geri qalmırdı, hücumlara yaxşı qoşulurdu. Ümumiyyətlə, bu oyunda müdafiə xəttində bəzi dəyişiklik var idi. Buna baxmayaraq, Allaha şükür ki, hər şey yaxşı alındı.

- Millimiz qələbə qazansa belə, dilxor görünürsünüz. Bunun səbəbi nədir?

- Bir az yorğunam. Buranın havası isti olduğundan, adam sanki boğulur, halsızlaşır.

- Futbol havası deyil?

- Mən, ümumiyyətlə Dubayın havasını xoşlamıram.

- Bəs növbəti oyun üçün halınız qalıb?

- İnşallah, Fələstinlə qarşılaşmada da gücümüzü toplayıb, qələbə qazanmalıyıq. Çünki bu görüşlərin nəticəsi FİFA reytinqində hesablanacaq. Hazırda buna çox ehtiyacımız var. Bu səbəbdən, Fələstinlə qarşılaşmada da uğurlu nəticəyə ümid edirəm.

- Baş məşqçi Berti Foqts 5 futbolçunu cəzalandırıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bununla bağlı komandanın toplantısı oldu. İstərdim olan söhbətlər orda da qalsın. Bu haqda mətbuata danışmaq istəmirəm.

- Onsuz da mətbuatın hər şeydən xəbəri var...

- Əslində, həmin gün futbolçulara istirahət verilmişdi. Onlar otelə gecə 2-3 radələrində gəlmişdilər. Yəni, gedib hardasa səhərəcən əylənməyiblər.

- Kapitan kimi, siz toplantıda öz fikrinizi dediniz??

- Yox, hansısa fikir bildirmədim. Həmin gün sərbəst olduqlarından istirahətlərini bu şəkildə keçiriblər. Düzdü, xoşagəlməz epizodlar var. Baş verməsəydi, daha yaxşı olardı. Yəni, onlar icazəsiz getməyiblər. Bütün komandaya qarşı da hörmətsizlik etdiklərini də düşünmürəm. Kimisi vaxtını çay içməklə, kimisi dəniz kənarında, kimisi də o şəkildə keçirdi. Spirtli içki və siqaret olmasaydı, daha yaxşı idi.

Kamran HACI
Dubay

Xəbər 1288 dəfə oxundu.