“Qəbələ” cari mövsümdə “Neftçi” üzərində ikinci böyük hesablı qələbəsini qazanıb
Oktyabrın 29-da Azərbaycan Premyer Liqasında X tura start verilib.

Turun açılış matçında turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qəbələ” son vaxtlar yaxşı günlərini yaşamayan “Neftçi”ni qəbul edib. İlk dövrədə rəqibinə səkkiz cavabsız qolla qalib gələn Roman Qriqorçukun komandası bu görüşdə də favorit olub. “Qəbələ” bu dəfə paytaxt klubunu 4:1 hesabı ilə məğlub edib.

Belə ki, meydan sahibi komanda hesabı erkən açıb. Sergey Zenyov 12-ci dəqiqədə qonaqları məyus edib - 1:0. Fasilədən sonra “Neftçi” Araz Abdullayevin 49-cu dəqiqədə vurduğu qolla oyunda yenidən canlanma yaradıb. Lakin Roman Qriqorçukun yetirmələri yenidən hesabı öz xeyirlərinə dəyişməyi bacarıblar. Sergey Zenyov 59-cu dəqiqədə dublunu rəsmiləşdirib. Daha sonra Asif Məmmədov (62) və Rəşad Eyyubov (77) hərəyə bir qolla fərqlənə biliblər - 4:1.

Beləliklə, xal ehtiyatını 24-ə çatdıran “Qəbələ” liderliyini bir qədər də möhkəmləndirib. Məğlubiyyətdən yaxa qurtara bilməyən “Neftçi” isə 6 xalla yeddinci pillədə qalıb.

Xəbər 762 dəfə oxundu.