Millimizin voleybolçusu həyacandan bayrağımızı tərsinə tutub
Qadınlar arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə səfərdə Kazan «Dinamo»su ilə qarşılaşan «Azərreyl» klubu, rusiyalı rəqibinə 1:3 hesabı ilə uduzub. İdman.com.az saytının məlumatına görə, komandamız ilk seti qazansa da, sonrada təşəbbüsü ev sahibələrinə verib. Yekaterina Qamova bakılılara çətin anlar yaşadıb. «Dəmiryolçular» çox çalışsa da, oyunun gedişatında vəziyyəti yenidən xeyrinə dəyişə bilməyib. Matçın gərginliyi Avropa Voleybol Konfederasiyasının saytında yerləşdirdiyi fotolardan da məlum olur.

Amma orada bir məqam idman.com.az-ın diqqətindən yayınmayıb. Belə ki, görüşü Azərbaycan Voleybol Federasiyasının əməkdaşları ilə tribunadan izləyən millimizin üzvü Aynur Kərimova, «Azərreyl»ə dəstək verməkdə fərqlənib. O, meydandakı mübarizəyə elə qapanıb ki, həyacandan həmyerlisi ilə birlikdə dövlət bayrağımızı tərsinə tutduğunu hiss etməyib. Yəqin, «Azərreyl»in voleybolçusu gələcək matçlarda hərəkətlərinə diqqət edəcək və belə qeyri-etikliyə yol verməyəcək.

KAMRAN

Xəbər 1223 dəfə oxundu.