Yoahim Löv: Azərbaycan millisi ilə görüş qrupun top oyunu olacaq
Seçmə mərhələ start götürəndə hədəfimiz qrupu birinci pillədə başa vurmaqdır. İddiamızı sonadək davam etdirəcəyik.

Belə bir açıqlama ilə futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv çıxış edib.

Löv Şimali İrlandiya ilə (2:0) qarşılaşmadan sonra keçirilən mətbuat konfransında millimizin çıxışına da münasibət bildirib. Əlli altı yaşlı mütəxəssis Robert Prosineçkinin komandasından çəkindiklərini etiraf edib: “Məqsədimiz bəllidir və buna nail olmaq üçün arxayınlaşmadan mübarizəmizi sonadək davam etdirəcəyik. Bunun üçün də stabilliyi qorumaq vacibdir. Üzərimizdə daim işləyir, inkişaf etməyə çalışırıq. Hazırda Azərbaycan yığması turnir cədvəlində bizim ən yaxın izləyicimizdir. Gələn ilin martında onlarla qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top oyunu olacaq”.

2018-ci il dünya çempionatının seçmə mərhələsinə ardıcıl qələbələrlə başlayan “Bundesteam” ilk üç turdan sonra 9 xalla “C” qrupuna başçılıq edir. Almanların ən yaxın izləyicisi isə aktivində 7 xal olan Azərbaycan millisidir.

Qeyd edək ki, Azərbaycan–Almaniya matçı beşinci tur çərçivəsində martın 26-da keçiriləcək.

Xəbər 810 dəfə oxundu.